Bu, onlar üçün Novruz bayramı ərəfəsində ən xoş hədiyyə oldu…
Bu, onlar üçün Novruz bayramı ərəfəsində ən xoş hədiyyə oldu.
Xaçmaz rayonundan olan Qarabağ əlili və şəhid ailəsi yeni mənzillərlə təmin olunublar.
Oxu.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, Xaçmaz rayon sakinləri, şəhid ailəsi Cəfərova Tamella Əhməd qızına və Qarabağ müharibəsi əlili Fərzəliyev Natiq Nurəddin oğluna həmin rayonda müharibə əlilləri və şəhid ailələri üçün inşa edilmiş 36 mənzilli yaşayış binasından mənzillərin sənədləri təqdim olunub.
ƏƏSMN-nin sifarişi ilə Xaçmaz rayonunda inşa edilmiş 36 mənzilli yaşayış binası 2013-cü ilin sentyabrında istifadəyə verilərkən binadan iki mənzil növbədə olan aidiyyatı şəxslərin sənədlərində müəyyən çatışmazlıqlar olduğundan onlara verilməyib və ötən müddətdə boş qalıb.
Nazir Səlim Müslümov ötən ilin dekabrında Siyəzən rayonunda vətəndaşları qəbul edərkən bununla bağlı həmin şəxslər tərəfindən nazirə müraciət edilib.
S.Müslümov nazirliyin məsul şəxslərinin iştirakı ilə məsələnin ədalətlə araşdırılması və boş qalmış iki mənzili almaq hüququ olan şəxslərin müəyyən edilməsi barədə tapşırıq verib. Tapşırığa uyğun olaraq aparılmış araşdırmalar nəticəsində növbədə olan üç nəfərdən ikisinin – şəhid ailəsi Cəfərova Tamella Əhməd qızının və Qarabağ müharibəsi əlili Fərzəliyev Natiq Nurəddin oğlunun qeyd olunan iki mənzili almaq hüququna malik olduqları müəyyənləşib.