XİN: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Yerevanın bununla barışmasının vaxtı çoxdan çatıb

Beynəlxalq birlik dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öz mövqeyini ifadə edib – Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və beynəlxalq birlik bizi işğal olunmuş ərazilərimizlə birlikdə öz sıralarına qəbul edib…

Beynəlxalq birlik dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öz mövqeyini ifadə edib – Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və beynəlxalq birlik bizi işğal olunmuş ərazilərimizlə birlikdə öz sıralarına qəbul edib. Bunu çərşənbə günü Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev Ermənistan dövlət başçısının bəyanatını şərh edərkən deyib.

Ermənistan Prezidenti Serj Sarkisyan çərşənbə axşamı Türkmənistana səfəri zamanı bəyan edib ki, Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququ danılmazdır və onun faktiki təşkili de-yure qeydə alınmalıdır. Bu barədə Ermənistan KİV xəbər yayıb.

E.Abdullayev bildirb ki, S.Sarkisyanın öz səylərini və enerjisini Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyini bir daha təsdiqləyən belə təxribatçı bəyanatlar verməyə deyil, münaqişənin nizamlanmasına yönəltməsi daha yaxşı olardı.

Azərbaycan XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğuna gəldikdə, bu faktdır və bunu bütün dünya birliyi tanıyır: “Rəsmi Yerevanın bununla barışmasının vaxtı çoxdan çatıb “.

 

/Trend/