XİN: Suriyada azərbaycanlıların döyüşdüyü təsdiqlənsə, həmin şəxslərə qarşı qanuni tədbirlər görüləcək

Suriyada azərbaycanlıların döyüşdüyü təsdiqlənsə, həmin şəxslərə qarşı qanuni tədbirlər görüləcək…

Suriyada azərbaycanlıların döyüşdüyü təsdiqlənsə, həmin şəxslərə qarşı qanuni tədbirlər görüləcək. Trend xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev “İrəli ” İctimai Birliyinin təşkil etdiyi “Gənc Liderlər üçün Qış Universiteti “ndə gənclərlə görüşü zamanı bildirib.

 

Onun sözlərinə görə, Suriyada döyüşlərdə işitrak etdiyi bildirilən azərbaycanlılarla bağlı məsələ cəmiyyətin diqqət mərkəzindədir və əgər onların Azərbaycan vətəndaşlığı təsdiqlənərsə, onlara qarşı qanun çərçivəsində addımlar atılacaq: “Əgər təsbit olunsa ki, onlar muzdlu şəkildə və ya hansısa digər üsullarla gedib orada döyüşürlər, onlara qarşı mütləq hüquqi addımlar atılacaq. Onların hansı rolda, hansı fəaliyyətdə, hansı niyyətlə ora getməsi araşdırılacaq “.

 

E.Abdullayev qeyd edib ki, Azərbaycan 2 il bundan əvvəl Suriyadakı diplomatik nümayəndəliyinin fəaliyyətini dayandırıb və Dəməşqdən Livanın paytaxtı Beyruta köçürüb. Diplomatik nümayəndəlik bağlananda Suriyadakı bütün Azərbaycan vətəndaşları təxliyə edilib. Ona görə də hazırda orada olan Azərbaycan vətəndaşlarının Suriyaya necə gedib çıxması, ora kimlər tərəfindən cəlb olunması və sair məsələlər ciddi şəkildə araşdırılır: “Bu gün Suriyada vəziyyət gərgin olmasaydı, hərb meydanına çevrilməsəydi, bunu araşdırmaq daha asan olardı. Lakin hazırda Suriyada dövlətlərin əksəriyyətinin diplomatik nümayəndəlikləri, eləcə də beynəlxalq təşkilatların nümayəndəlikləri yoxdur. Buna baxmayaraq, Azərbaycan bu məsələni müxtəlif kanallarla da olsa, araşdırır “.

Qeyd edək ki, bir müddət öncə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası da bununla bağlı fətva verərək bəyan edib ki, bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi həmvətənlərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim olunması narahatlıq doğurur. Həmçinin bildirilir ki, qərəzli, təmənnalı niyyətlə döyüşərək öldürülən şəxs şəhid deyildir: “Belələrinin əsl məqsədlərinin fitnə-fəsadlarda iştirakdan dolayı hansısa şəxsi təmənnalar olduğunu dərk edir və bəzi vətəndaşlarımızın bu və ya digər məramlı ixtilaflarda muzdla iştirakını, başqa dövlətlərin daxili işinə qarışmalarını qətiyyətlə pisləyirik. Dindarlarımız, həmçinin dövlətimizin beynəlxalq nüfuzunun, siyasi və iqtisadi qüdrətinin artmasından narahat olan xarici qüvvələr tərəfindən yaradılıb, maliyyələşdirilən qurumların ölkəmizdəki daxili sabitliyi pozmağa yönəlik məkrli niyyətlərinin həyata keçirilməsinə həmvətənlərimizin hədə-qorxu və ələ alma yolu ilə cəlb edilməsini, bu yolda din adından təxribat məqsədilə sui-istifadəni yolverilməz sayırlar “.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması və onlara qarşı effektiv mübarizə aparılması məqsədilə respublikada təlim kurslarının təşkilinə başlayıb.

 

Xatırladaq ki, bəzi azərbaycanlı gənclər Suriyada silahlı münaqişələrdə iştirak edərək edirlər.

 

Trend.az