XİN: Ukraynadakı Azərbaycan vətəndaşlarının təhlükəsizliyi məsələsi nəzarət altındadır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynadakı vəziyyətlə əlaqədar olaraq, bu ölkədə yaşayan və ya müvəqqəti olan Azərbaycan vətəndaşlarının təhlükəsizliyi məsələsini diqqət mərkəzində saxlayır, Kiyevdəki səfirliklə mütəmadi əlaqədədir…

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynadakı vəziyyətlə əlaqədar olaraq, bu ölkədə yaşayan və ya müvəqqəti olan Azərbaycan vətəndaşlarının təhlükəsizliyi məsələsini diqqət mərkəzində saxlayır, Kiyevdəki səfirliklə mütəmadi əlaqədədir. Bunu Trend-ə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

O, qeyd edib ki, Azərbaycanın Ukraynadakı səfirliyi hazırda ştat rejimində işləyir, diplomatik missiyanın əməkdaşlarının təhlükəsizliyinə təhdid yoxdur.

E.Abdullayevin sözlərinə görə, Kiyevin mərkəzində toqquşmalar zamanı Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat daxil olmayıb.

Səfirlik daha əvvəl ölkə vətəndaşlarını Kiyevdə etiraz aksiyalarının keçirildiyi ərazilərdən uzaq durmağa çağırmışdı.

Səfrilik Kiyevdə olan və ya Ukrayna paytaxtına gəlmək istəyən Azərbaycan vətəndaşlarına bu şəhərdə aktiv etiraz aksiyalarının keçirildiyi ərazilərə və insanların kütləvi toplaşdığı yerlərə getməməyi təkidlə tövsiyə edir və onları diqqətli olmağa çağırır.

Qeyd edək ki, çərşənbə axşamı, Ali Radanın iclası günü Kiyevdə irimiqyaslı küçə iğtişaşları bərpa olunub. Müxalifət idarəetmənin parlament-prezident formasına qayıtmağa, 2004-cü il Konstitusiyasını bərpa etməyə çağırıb. Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə “Molotov kokteyli ” atıblar. Milisin məlumatına görə, müxalifət ilk dəfə odlu silah tətbiq edib. Son məlumatlara görə, iğtişaşlarda artıq 35 nəfər həlak olub, 800-ə yaxın adam zərər çəkib.

/Trend/