Xocalı qətliamının 22-ci ildönümünün anılması haqqında Texas ştatı Senatının proklamasiyası təqdim olunub

Fevralın 24-də ABŞ-ın tanınmış Hyuston Universitetində Azərbaycan Mərkəzi, BAUER Biznes Kolleci və ARDNŞ-ın dəstəyi ilə “Geosiyasi dinamika və Qafqazda beynəlxalq enerji layihələri ” adlı konfrans təşkil olunub…

Fevralın 24-də ABŞ-ın tanınmış Hyuston Universitetində Azərbaycan Mərkəzi, BAUER Biznes Kolleci və ARDNŞ-ın dəstəyi ilə “Geosiyasi dinamika və Qafqazda beynəlxalq enerji layihələri ” adlı konfrans təşkil olunub.

Trend-in Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən verdiyi məlumata görə, konfransın əvvəlində senator Rodni Ellis adından Xocalı qətliamının 22-ci ildönümünün anılması haqqında Texas ştatı Senatının proklamasiyası təqdim olunub.

Həmin qətnamədə bir çox insan hüquqları təşkilatları tərəfindən bu vəhşiliklərin pislənildiyi, onun bir sıra ABŞ ştatı və digər ölkələr tərəfindən tanındığı qeyd edilir, həmçinin Texas nümayəndələr palatasının bu faciəyə həsr olunmuş əvvəlki qətnamələri xatırlanır.

Bundan əlavə ABŞ Nümayəndələr palatasının üzvü Cin Vu adından da Xocalı qətliamının ildönümünə həsr olunmuş sertifikat təqdim olunub.

Bundan sonra Hyustonda yerləşən Azərbaycan Mərkəzinin direktoru və Hyuston-Bakı qardaşlaşmış şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova konfrans iştirakçıları və qonaqları salamlayaraq Xocalı qətliamı barədə qısa məlumat verdi və bu faciənin qurbanları bir dəqiqəlik sükutla yad edildi.

Konfrans zamanı Hyuston Universitetinin professorları Radha Radhakrishnan və Conatan Slapin, Yaxın Şərq İnstitutu analitik mərkəzinin eksperti Aleks Vatanka, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri Məmməd Talıbov, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi Yusif Babanlı, ARDNŞ-ın ABŞ nümayəndəliyinin direktoru Rauf Məmmədov, Dünya bankı icraçı direktorunun məsləhətçisi Sənan Mirzəyev panelistlər qismində çıxış ediblər.

Panelistlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və gerçəklikləri, eləcə də bu münaqişənin regional sabitlik və təhlükəsizliyə təhdidi, ölkəmizin son illər bütün sahələrdə qazandığı uğurları və regional liderə çevrilmiş Azərbaycanın ABŞ-la strateji tərəfdaşlığı, Azərbaycanın Avropa İttifaqı üçün vacibliyi və regionda xüsusi rolu və digər mövzulara çıxışları zamanı toxunublar, auditoriyanın suallarını cavablandırıblar.

Tədbirdə həmçinin Hyuston şəhərində Türkiyə Respublikasının vitse-konsulu Abdullah Topçu və Yunanıstan Respublikasının konsulu Georgios Papanikolau, Texas Ştatı qanunverici orqanın üzvləri və ofislərinin əməkdaşları, Hyuston Universitetinin professor və tələbələri, habelə ABŞ-dakı Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

/Trend/