Xocalı qurbanları: Biz “Xocalıya ədalət” istəyirik

“O dəhşətli hadisələr baş verərkən bizlərin 4-11 yaşları vardı”…

“O dəhşətli hadisələr baş verərkən bizlərin 4-11 yaşları vardı”.

 

Soyqırımı zamanı hər iki valideynini itirmiş 25 uşaq (indi onların ən kiçiyinin 22 yaşı var) mətbuat vasitəsilə dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

 

Oxu.Az Modern.az-a istinadən, həmin müraciəti olduğu kimi təqdim edir.

 

“1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə bütün bəşəriyyət, çağdaş dünya böyük bir dəhşət yaşadı. Həmin gecə Ermənistan Rusiyanın 366-cı motoatıcı alayı ilə birlikdə Azərbaycanın Xocalı şəhərində insanlığa sığmayan, tükürpərdici faciə törətdi.

 

Bu gün o soyqırımdan 22 il ötür. 613 nəfərin öldürüldüyü, 1000-lərlə insanın yaralandığı bu qətliam Azərbaycan xalqına qarşı bilərəkdən törədilmiş soyqırımdır.

 

O dəhşətli hadisələr baş verərkən bu müraciəti imzalayan bizlərin 4-11 yaşları vardı.

 

O dəhşətli gecədə biz dünyada hər bir körpənin daima qayğısına ehtiyac hiss etdiyi valideyn qayğısından ömürlük məhrum olduq.

 

Biz həmin dəhşətli gecədə yarıçılpaq, ayaqyalın, şaxtada, qarda düşmən gülləsinin atəşindən qaçarkən ətrafımızda güllələnən valideynlərimizin axan qanını, bizi son dəfə qucaqlayaraq bağırlarına basan əllərini, gözümüzün önündə baş verən bu qandonduran hadisələri unuda bilmirik. Bu dəhşətlər sonradan bizim yaşanacaq ömrümüz üçün uşaq yaddaşının çəkə bilməyəcəyi bir ağır yük oldu. O gecə güllələrdə çilik-çilik olan arzularımız uşaqlıq həyatımıza son qoydu. Biz – həmin dəhşətli gecədə hər iki valideynini itirmiş 25 uşaq dünya birliyinə, dünyanın hər bir ölkəsinə, beynəlxalq təşkilatlara müraciət edərək Xocalıda baş vermiş soyqırıma hüquqi qiymət verilməsini tələb edirik.

 

Bu soyqırımı günahkarlarının Avropa İnsan Haqları məhkəməsində ədaləti mühakimə olunmasını istəyirik.

 

Biz “Xocalıya ədalət” istəyirik.

 

Bu qanlı soyqırıma heç bir bəraət yoxdur. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri Qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Azərbaycan xalqı 1948-ci il 9 dekabr “Soyqırımı cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilib.

 

Cinayət cəzasız qalmamalıdır. Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər”.

/oxu.az/