Xocalı soyqırımı ilə bağlı geniş kampaniya erməniləri narahat edib

Xocalı soyqırımının bu il keçirilən 22-ci ildönümü dünyanın müxtəlif ölkələrində anıldı…

Xocalı soyqırımının bu il keçirilən 22-ci ildönümü dünyanın müxtəlif ölkələrində anıldı. Türkiyə dövlətinin bir çox şəhərlərində də Xocalı qurbanları yad edildi. Soyqırımla bağlı dünyanın bir çox yerlərində keçirilən tədbirlərin geniş vüsət alması erməniləri ciddi narahat edib.

 

Jurnalist, tənqidçi Qafar Çaxmaqlı Modern.az-a açıqlamasında Xocalı soyqırımı ilə bağlı ermənilərin narahatlığını təsdiqləyib. “Gerçəkdən Türkiyənin hər yerində Xocalı soyqırımının anılması erməniləri rahatsız edir. Buna görə də onların mətbuatına nəzər yetirdim. Xocalı soyqırımının dünyanın bir çox yerlərində anılması erməniləri yaman qorxudur. Qorxduqları odur ki, 2015-ci ildə planlaşdırdıqları qondarma “erməni soyqırımı”nın 100-cü ildönümü ərəfəsində onların qarşısına həqiqi soyqırımı çıxarılır. Bununla da onların 2015 hazırlıqları suya düşmüş olur”

 

Qafar Çaxmaqlının sözlərinə görə, ermənilərin Xocalı soyqırımını tanımaq iddiası da tez-tez səslənir. “Hətta Ermənistanın sabiq prezidenti Levan Ter-Petrosyanın o zamankı müşaviri olan Liparidyan Ermənistan Xocalı soyqırımını tanımasını təklif edir. Əks halda, onsuz da onları buna məcbur edəcəklər. Onlar bununla həm də bir jest etmək istəyirlər ki, baxın biz tanıdıq, siz də 1915 “erməni soyqırımı”nı tanıyın. Erməni mətbuatında həmişəki kimi bu soyqırımı onların törətmədiyini iddia edənlər də var. Ermənilər həmişəki bəhanələri əsas gətirirlər. Məsələn, eks-prezident Ayaz Mütəllibovun “guya onu yıxmaq üçün bunu Xalq Cəbhəsi törədib” fikrinə, yaxud Eynulla Fətullayevin yazdığı bir yazıya “istinadlar” edirlər. Amma bir şey bəllidir, Xocalı soyqırımı ilə bağlı belə geniş şəkildə kampaniyaların aparılması erməniləri narahat edir”.

/modern.az/