Yaponiya hökuməti Oğuz rayonunda tibb məntəqəsi tikəcək

Yaponiya hökuməti Oğuz rayonunda tibb məntəqəsi tikəcək…

Yaponiya hökuməti Oğuz rayonunda tibb məntəqəsi tikəcək. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Oğuz Rayon İcra Hakimiyyətində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçiriləcək “Oğuzun Bucaq kəndində tibb məntəqəsinin tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilib. Mərasimdə Oğuz RİH-nin başçısının müavini Yusif Naxçıvanski, Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, layihəni həyata keçirəcək “Yaddaş” İctimai Birliyinin sədri İlqar İlyaslı və müvafiq təşkilat nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən Oğuz RİH-nin başçısının müavini bildirib ki, Yaponiyanın ölkəmizdəki səfirliyi ilə Oğuz Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq 10 ildən artıqdır davam edir. Qrant yardımı proqramı çərçivəsində indiyədək rayonda su təchizatı və səhiyyə sahəsini əhatə edən 2 layihə artıq reallaşıb. Səfir Tsuquo Takahaşi çıxışında vurğulayıb ki, bu bölgəyə ilk dəfə səfər edir. O? Oğuz rayonunun gözəl təbiətə və geniş turizm potensialına malik olduğunu vurğulayıb. Səfir qeyd edib ki, “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilən bu layihələr təhsil, tibb, sosial müdafiə, ətraf mühit, ekologiya və digər sahələri əhatə edir. Onun sözlərinə görə, proqramın məqsədi insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaqdır.

 

Proqram çərçivəsində indiyədək Azərbaycanda bu layihə də daxil olmaqla, ümumi dəyəri 14 milyon 821 min 336 ABŞ dolları olan 179 layihə üzrə qrant müqaviləsi imzalanıb. Layihə barədə məlumat verən “Yaddaş” İctimai Birliyinin sədri İlqar İlyaslı bildirib ki, səhiyyə sahəsi ilə bağlı olan bu layihənin məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün Bucaq kəndində yeni tibb məntəqəsinin tikintisini həyata keçirməkdir. Ümumi dəyəri 121 min 121 ABŞ dolları olan bu layihədən qonşuluqda yerləşən daha üç kəndin sakinləri də faydalanacaqlar.

Sonra səfir Tsuquo Takahaşi və layihənin rəhbəri İlqar İlyaslı sözügedən layihə üzrə qrant müqaviləsini imzalayıblar. Layihə üzrə işlərin 5-6 ay müddətinə başa çatdırılması nəzərdə tutulur. İmzalanma mərasimindən sonra səfir Tsuquo Takahaşi Bucaq kəndinə gedərək tibb məntəqəsinin tikiləcəyi əraziyə baxış keçirib.

 

Apa.az