Yeni “Boeing-747-8” təyyarəsi alınacaq

“TU-134” və “TU-154” kimi köhnəlmiş texnika artıq istismardan tam xaric edilib…

“TU-134” və “TU-154” kimi köhnəlmiş texnika artıq istismardan tam xaric edilib.

2014-cü ildə Azərbaycana ən müasir, uçuş kütləsi 442 ton olan “Boeing-747-8” təyyarəsinin gəlməsi gözlənilir.

Oxu.Az President.az saytına istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışında Dövlət Mülki Aviasiya Administrasiyasının direktor müavini Hacıağa Əliyev bildirib.

O, təyyarə parkının müasirləşdirilməsindən danışaraq qeyd edib ki, 1993-cü ildən başlayaraq “Boeing-727”, “Boeing-757”, “A-320”, “Gulfstream”, “ATR-72”, “EC-155”, “S-92”, son üç ildə “Agusta -199” helikopteri, “Boeing-767”, “Boeing-747-400”, “Embraer”-170/190”, “A-340” hava gəmiləri Azərbaycanın təyyarə parkına daxil edilib və eyni zamanda, onların texniki xidməti də təşkil olunub.

Onun sözlərinə görə, “TU-134” və “TU-154” kimi köhnəlmiş texnika artıq istismardan tam xaric edilib.

“Bu hava gəmilərini idarə edən pilotların, kapitanların, gənc nəslin çox hissəsi bizim Milli Aviasiya Akademiyasının müdavimləridir. Akademiyamız pilotlardan əlavə, aviasiyanın tələb edilən bütün sahələri üzrə mütəxəssislər hazırlayır. Akademiyada ən son standartlara cavab verən “A-320”, “Boeing-767”, “ATR 72”, “İL-76”, “Mİ-8” hava gəmilərinin trenajorları quraşdırılıb” – deyə, H.Əliyev əlavə edib.

Onun sözlərinə görə, regionda tələb edilən “Embraer” təyyarəsinin və “Sikorski” helikopterlərinin trenajor komplekslərinin qurulması nəzərdə tutulub.

www.oxu.az