Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı BMT-nin 4 qətnaməsini Ermənistan ona görə həyata keçirmir ki, BMT qəti iradə ortaya qoymur. Trend-in məlumatına görə, bunu “QHT sektorunun inkişafı məqsədilə ictimai müzakirələrin təşkili ” layihəsi çərçivəsində “QHT-hökumət dialoqunun gücləndirilməsi ” adlı tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib…
Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı BMT-nin 4 qətnaməsini Ermənistan ona görə həyata keçirmir ki, BMT qəti iradə ortaya qoymur. Trend-in məlumatına görə, bunu “QHT sektorunun inkişafı məqsədilə ictimai müzakirələrin təşkili ” layihəsi çərçivəsində “QHT-hökumət dialoqunun gücləndirilməsi ” adlı tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
PA rəsmisi deyib ki, bu gün dünyaya müdirlik edən BMT beynəlxalq aləmdə insan haqlarının, dövlətlərin, milli haqların qorunmasında yetərli fəaliyyət göstərmir:
“BMT-nin iradəsini formalaşdıran qurumlardan biri də onun nəzdində fəaliyyət göstərən beynəlxalq QHT-lərdir, bu sahədəki ekspertlərdir. Bunlara biz də dəstək veririk. Ona görə dəstək veririk ki, istəyirik, haqlının güclü olduğu bir dünya ortamı yaradaq. Amma hazırda dünyada güclünün haqlı olduğu bir ortam var. Kim güclüdür, o haqlıdır. Biz isə istəyirik ki, kim haqlıdırsa o da güclü olsun. Kim haqlıdırsa onun güclü olması ilə bağlı tələb olunan dünyanı qurmaq üçün həm beynəlxalq təşkilatlarla münasibətlər bu sahəyə xidmət etməlidir, həm də beynəlxalq fəaliyyəti dəstəkləmək siyasətimiz buna xidmət etməlidir. Biz hesab edirik ki, hazırda beynəlxalq aləmdə insan haqları ilə məşğul olan bəzi beynəlxalq QHT-lər subyektiv fəaliyyət göstərirlər, dəyərləndirmələri, metodologiyaları doğru deyil. Şəxsən Azərbaycanla bağlı onların dəyərləndirmələri bizi qane etmir. Düzgün metodologiyaya söykənmirlər. Azərbaycanla bağlı onların açıqlamalarının çoxu subyektiv mahiyyət daşıyır “.
PA rəsmisi bu təşkilatlardan “Human Rights Watches “, Helsinki Vətəndaşlıq Assambleyasının və s. adlarını çəkərək onların yaratdıqları koalisiya barədə də danışıb:
“Bunlar qondarma koalisiya da yaradıblar. Guya dünyanın 67 insan haqları təşkilatı Azərbaycandakı insan hüquqlarının vəziyyətindən razı deyil. Amma reallıq ondadır ki, Azərbaycan cəmiyyətindəki rəylərlə onların dəyərləndirmələri üst-üstə düşmür. Eyni zamanda, ABŞ Dövlət Departamentinin bu və ya digər sahədəki açıqlamaları bizi qane etmir. Ona görə qane etmir ki, mənbələri şübhəlidir. Mənbələri tam şəffaf şəkildə Azərbaycan ictimai rəyini əhatə edən faktlara söykənmir “.
/Trend/