Son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar…
Son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Fransanın Strasburq şəhərində qeydiyyatdan keçmiş və özündə müxtəlif üzv ölkələrin aparıcı media qurumlarının Avropa Şurası yanında akkreditasiya olunmuş müxbirlərini birləşdirən “Avenue Europa ” Assosiasiyasını təmsil edən jurnalistlərlə bugünkü görüşündə deyib.
Ə.Həsənov jurnalistlərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib. Baş nazirin müavini qeyd edib ki, XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazilərindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilib.
Baş nazirin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin – Dağlıq Qarabağ regionunun və ona bitişik yeddi inzibati rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını mətbuat işçilərinin diqqətinə çatdırıb.
Ə.Həsənov vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilib.
Ə.Həsənov həmçinin bildirib ki, ATƏT, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə Ermənistanın təcavüzkar siyasəti pislənilib: “Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal altındakı Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyıb “.
Baş nazirin müavini bildirib ki, bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır duruma düşüb, əhali ölkəni sürətlə tərk etməyə başlayıb, işğalçı dövlət Azərbaycanın iştirakı ilə reallaşdırılan beynəlxalq regional layihələrdən kənarda qalıb: “Lakin bu münaqişə olmasaydı, onlar həyata keçirilən bu layihələrdən faydalanaraq iqtisadiyyatlarını ağır durumdan çıxara bilərdilər. Ötən 20 ildə erməni xalqı münaqişədən heç nə qazanmayıb “.
Rəsmi Bakının münaqişənin sülh yolu ilə, ədalətli həllində maraqlı olduğunu qeyd edən Ə.Həsənov bildirib ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür.
Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə Azərbaycan hökuməti son 20 ildə 5,4 milyard ABŞ dolları məbləğində vəsait xərcləyib: “Dövlətimizin başçısının bu sahəyə olan diqqəti və qayğısı nəticəsində qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbə və məhəllə salınıb. Azərbaycan Respublikası Dövlət Neft Fondundan ayrılan vəsait hesabına 180 min qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülüb və bu proses davam edir “.
Baş nazirin müavini bildirib ki, münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün humanitar proqramlar da həyata keçirilir.
Qeyd olunub ki, 2003-cü ildə ölkədə yoxsulluğun səviyyəsi 49 faizə, qaçqın və məcburi köçkünlər arasında isə 75 faizə bərabər idi. Lakin görülən tədbirlər nəticəsində bu gün ölkədə yoxsulluq 5 faizə, qaçqın və məcburi köçkünlər arasında isə 15 faizə endirilib.
Görüşdə jurnalistlər diqqətə çatdırıblar ki, səfərin məqsədi ölkəmizin tarixi, mədəniyyəti, dövlətçilik ənənəsi, iqtisadi potensialı barədə məlumatların, ən əsası isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələrinin dünya ictimaiyyətinə daha dolğun çatdırılmasına, daha çox informasiya mübadiləsinə və qarşılıqlı əlaqələrin daha da genişlənməsinə dəstək göstərməkdir.
Vurğulanıb ki, Azərbaycanın müstəqilliyinin bərpasından keçən qısa müddətdə ölkə dinamik inkişaf edib.
Görüşdə maraq doğuran digər məsələlər müzakirə edilib, suallar cavablandırılıb, jurnalistlərə “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı ” kitabı və disk təqdim olunub.
/Trend/