“Biz vətəndaşları dövlət tərəfindən aztəminatlı ailələrə ayrılmış ünvanlı yardımların qeyri-düzgün istiqamətə, əslində bu yardımlara ehtiyacı olmayan ailələrə yönəldilməsi hallarının aşkar edilməsində daha da fəal olmağa səsləyirik”…
“Biz vətəndaşları dövlət tərəfindən aztəminatlı ailələrə ayrılmış ünvanlı yardımların qeyri-düzgün istiqamətə, əslində bu yardımlara ehtiyacı olmayan ailələrə yönəldilməsi hallarının aşkar edilməsində daha da fəal olmağa səsləyirik”.
Bunu APA-ya müsahibəsində Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
E.Babayev xatırladıb ki, ünvanlı sosial yardım alan ailələrin siyahısı Nazirliyin www.mlspp.gov.az adlı rəsmi internet saytının ön səhifəsində yerləşdirilib və KİV vasitəsilə əhaliyə həmin siyahılarla tanış olmaları, yaşadıqları ərazidə qeyri-qanunu ünvanlı yardım təyin olunmuş ailələrlə bağlı nazirliyə məlumat vermələri, bununla da ünvanlı yardım təyinatında şəffaflığın təmin olunması işlərinə öz fəal köməkliklərini göstərmələri barədə müraciətlər edilib: “Həmin müraciətlərin müsbət nəticəsi kimi, ayrı-ayrı yerlərdən vətəndaşlar tərəfindən nazirliyə edilən müraciətlərin araşdırılmasının nəticəsi olaraq, qanunsuz sosial yardım alan xeyli sayda ailələr müəyyən edilib. Aşkar edilmiş qanunsuz təyinatlar dərhal dayandırılıb, onlara ödənilmiş vəsaitlərin dövlət büdcəsinə bərpa etdirilməsi təmin olunub, eyni zamanda, qanunsuz yardım təyinatını həyata keçirmiş əməkdaşlar barədə intizam tədbirləri görülüb”.
E.Babayev əhalini daha da fəal olmağa, indiyə qədər aztəminatlı ailələrə ayrılmış ünvanlı yardımların, bu yardımlara ehtiyacı olmayan ailələrə yönəldilməsi halları barədə nazirliyə məlumat verməyə cağırıb: “Ola bilər ki, hər hansı vətəndaş öz adını həmin siyahıda tapıb, amma o, indiyə qədər bu yardımı almayıb. Bu cür hallar varsa, bununla bağlı da vətəndaşların müraciət etmələri xahiş olunur. Hesab edirik ki, yaşadıqları ərazi üzrə ünvanlı yardım alanların siyahıları ilə tanış olaraq, həmin siyahılarda adları olan, lakin əslində aztəminatlı olmayan, maddi təminatları baxımından ünvanlı yardım almağa hüququ çatmayan ailələr barədə vətəndaşlar tərəfindən (012) 595 04 28 və (012) 595 04 26 nömrəli telefonlarla nazirliyə verilən hər bir obyektiv məlumat bu sahədə şəffaflığın təmin olunmasına öz dəyərli töhfəsini verə bilər”.
E. Babayev vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımlarının təyinatında neqativ halların aradan qaldırılması, bu sahədə şəffaflığın və ünvanlılığın təmin olunması istiqamətində müvafiq işlər aparılır: “Ünvanlı yardımların təyinatı zamanı ciddi nöqsanlara yol verən Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin əməkdaşları barədə ciddi intizam tədbirləri görülür. Öz vəzifə funksiyalarını düzgün yerinə yetirməyən, dövlət qulluqçusunun etik davranış qaydalarına uyğun olmayan hallara yol verən əməkdaşlar vəzifələrindən azad edilirlər. Bununla əlaqədar dövlət qulluğunun inzibati vəzifələri üzrə yeni yaranmış vakant yerlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın ehtiyat kadrlar siyahısında olan namizədlərə təklif olunur. Beləliklə, həmin gənc kadrlardan sosial müdafiə sahəsində işləmək qabiliyyəti olanlar öz seçimlərinə uyğun olaraq rayon (şəhər) ƏSMM-lərində inzibati vəzifələr üzrə vakant yerlərə təyin edilirlər. Eyni zamanda, ünvanlı sosial yardım üçün müraciət olunması və müraciətə baxılması, ünvanlı yardımın təyin edilməsi prosesinin tam avtomatlaşdırılması istiqamətində işlər aparılır. Cari ilin sonunadək hazırlanması nəzərdə tutulan bu sistem ünvanlı yardım təyinatında məmur və vətəndaş əlaqəsinin aradan qalxmasına, bu sahədə şəffaf bir mühitin yaranmasına gətirib çıxaracaq”.
/Apa/