Əhməd Davudoğlu 2 rayonun geri qaytaracağı halda Ermənistanla sərhədləri açacaqlarına dair xəbərləri təkzib edib

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanın işğal etdiyi Azərbaycan rayonlarından ikisini geri qaytaracağı halda, bu ölkə ilə sərhədləri açacaqlarına dair yayılan xəbərləri təkzib edib…

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanın işğal etdiyi Azərbaycan rayonlarından ikisini geri qaytaracağı halda, bu ölkə ilə sərhədləri açacaqlarına dair yayılan xəbərləri təkzib edib. APA-nın məlumatına görə, bunu Türkiyədə erməni dilində nəşr olunan “Jamanak” qəzetinin baş redaktoru Ara Qoçunyan “Azadlıq” radiosuna müsahibəsində deyib. A. Qoçunyan Ə. Davudoğlu ilə birlikdə Ermənistana səfər edən jurnalistlərin arasında olub.

A. Qoçunyan bildirib ki, Ə. Davudoğlu həmkarı Edvard Nalbandyanla görüşünün isti keçdiyini söyləyib: “O bildirdi ki, tərəflərin mövqeyində fərqliliklər olsa da, Türkiyə tərəfi bu cür görüşlərin tez-tez keçiriləcəyi təqdirdə, müsbət nəticənin ola biləcəyini düşünür. Ankara İrəvanla ən yaxşı səviyyədə münasibət qurmaq istəyir. Nazirlər arasında açıq və səmimi söhbət olub. Aydındır ki, hər şeyi dərhal həll etmək imkansızdır, lakin heç görüşmədən problemləri həll etmək mümkün deyil. Dialoq aparmaq vacibdir. Davudoğlu qeyd etdi ki, görüş psixoloji maneəni aşmaq baxımından faydalı olub. Münasibətləri normallaşdırmaq üçün möhkəm psixoloji təməllər yaratmaq lazımdır ki, bunun əsasında istənilən ideyanı müzakirə etmək mümkün olsun” /APA/