Əli Həsənov: Xocalı təsadüfi soyqırım deyil, bu, uzun müddət Ermənistanın türk dünyasına qarşı aparılan çirkin oyunlarının bir hissəsidir

“Xocalı soyqırımı təsadüfi soyqırım deyil, bu, uzun müddət Ermənistan adlanan bir dövlətin azəri türklərinə, türk dünyasına qarşı aparılan ədalətsiz, çirkin oyunlarının bir hissəsidir “…

“Xocalı soyqırımı təsadüfi soyqırım deyil, bu, uzun müddət Ermənistan adlanan bir dövlətin azəri türklərinə, türk dünyasına qarşı aparılan ədalətsiz, çirkin oyunlarının bir hissəsidir “. Trend-in məlumatına görə, bu barədə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş beynəlxalq konfransda çıxışı zamanı deyib.

 

Ə.Həsənov qeyd edib ki, əgər tarixə nəzər yetirsək, görərik ki, bu proses 200 ildir davam edir.

 

Baş nazirin müavini bildirib ki, Xocalı faciəsi artıq dünya ictimaiyyətinə kifayət qədər çatdırılıb.

 

Onun sözlərinə görə, “Xocalıya ədalət! ” kampaniyası çərçivəsində bütün dünyada Xocalı soyqrımının tanıdılması ilə bağlı genişmiqyaslı işlər aparılır: “Onun nəticəsidir ki, bu gün dünyanın bir neçə ölkəsində Xocalı ilə bağlı abidələr ucaldılıb, Xocalı soyqrımı tanınıb “.

 

Baş nazirin müavini vurğulayıb ki, 100 il bundan əvvəl ermənilər tərəfindən törədilən cinayətlərin metodları Xocalıda da təkrar olunub: “Bu, ermənilər tərəfindən dünya azərbaycanlılarına, dünya türklərinə qarşı sistemləşdirilmiş bir cinayətdir. Ona görə də biz də sistemli şəkildə buna qarşı mübarizə aparmalıyıq. Biz Ermənistan tərəfindən törədilən bütün cinayətləri sistemli şəkildə araşdırmalı və onları gələcək nəsillərə çatdırmalıyıq. Bu cinayətləri bizdən əvvəlki nəsillər görüb, biz görmüşük. Qoy gələcək nəsillər görməsin “.

 

Onun sözlərinə görə, əgər ermənilərin qarşısı alınmasa, bir gün onlar deyəcəklər ki, Fransa da bizim ata-baba torpağımızdır.

 

Ə.Həsənov vurğulayıb ki, ATƏT-in Minsk qrupu bu üsulla problemin həllinə nail olmayacaq: “Onlar cəhdlər edirlər, ancaq bunların səmimi cəhdlər və ya siyasi oyunlar olduğunu biz bilmirik. Əgər bizim insanlarımızın başına bu cinayətlər gətirilirsə, nə üçün demokratiyadan danışan beynəlxalq təşkilatlar, dövlətlər susurlar? Nə üçün ATƏT və digər beynəlxalq təşkilatlar Ermənistanı BMT-nin işğal olunmuş torpaqların azad edilməsi ilə bağlı qətnamələrini yerinə yetirməyə məcbur etmirlər. Nədir səbəb? Ancaq onlar hesab etməsinlər ki, Azərbaycan xalqının səbri tükənməzdir və həmişə buna dözəcək. Bu gün Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etməyə hazırdır. Bir gün Azərbaycan xalqının dözümü tükənə bilər və onda nəinki son 20 ildə işğal edilən torpaqları, 100 il bundan əvvəl də işğal edilmiş Azərbaycan torpaqlarını azad edə bilər “.

 

Ə.Həsənov qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı vurduğu ziyanın qiymətləndirilməsi beynəlxalq səviyyədə aparılır və bu ziyan artıq 300 milyardı dolları ötüb. Onun sözlərinə görə, qiymətləndirmə başa çatandan sonra Azərbaycan bu ziyanın ödənilməsini tələb edəcək.

/Trend/