Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında Niyyət Məktubu imzalanıb. Sənədi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMTİP-in rezident nümayəndəsi Qulam İsakzai və BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva imzalayıblar.
Tədbirdə nazir respublikada aktiv məşğulluq tədbirlərinin genişləndirilməsinə, əmək bazarının inkişafına və layiqli əməyin təminatına yönələn kompleks tədbirlərin həyata keçirildiyini vurğulayıb: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahələrdə aparılan siyasətin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsi və səmərəli icra mexanizminin formalaşdırılmasında, aktiv əmək bazarı proqramlarının hazırlanması və icrasında BMTİP və BƏT-lə geniş əməkdaşlıq gündəliyinə malikdir. Birgə aparılan işlər ümumilikdə BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn aidiyyəti məsələlərin həllində də uğurlu əməkdaşlıq təcrübəsinin yaranmasına imkan verib”.
Qeyd olunub ki, BMTİP ilə birgə 2002-2012-ci illərdə “Milli sosial müdafiə sisteminin inkişafı və Milli Məşğulluq Strategiyası üzrə nəzərdə tutulmuş fəaliyyətlərin həyata keçirilməsi”, 2011-2015-ci illərdə “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihələri icra olunur. Ötən ilin aprelində növbəti dövr üçün “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi imzalanaraq icrasına başlanıldığını söyləyən nazir deyib: “BƏT-lə əməkdaşlıq əlaqələri də getdikcə güclənir. Həmin mötəbər beynəlxalq təşkilatın Konvensiya və Tövsiyələrindən irəli gələn prinsiplərin milli qanunvericilikdə tətbiqi istiqamətində mühüm addımlar atılıb. “2016-2020-ci illər üzrə əməkdaşlıq prioritetlərini və çərçivəni müəyyən edən ikinci Layiqli Əmək üzrə Ölkə Proqramı BƏT-lə əməkdaşlıqda yeni bir inkişaf mərhələsi açıb. Ölkəmizdə məşğulluq xidmətləri üzrə potensialın gücləndirilməsində, aktiv əmək bazarı proqramlarının, xüsusilə özünüməşğulluq proqramının icrasında BƏT-lə fəal əməkdaşlıq həyata keçirilir. 2017-ci ilin iyunundan Azərbaycanın BƏT-in İdarə Heyətində təmsil olunması ölkəmizin həmin Təşkilatla ötən dövrdə sıx və səmərəli əməkdaşlığına, respublikamızda əmək və məşğulluq sahələrində mütərəqqi yanaşmalar əsasında aparılan məqsədyönlü işlərə verilən yüksək beynəlxalq dəyərin ifadəsidir”.
Nazir imzalanan Niyyət Məktubunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMTİP və BƏT arasında müvafiq fəaliyyət sahələri üzrə əməkdaşlığın genişləndirilməsi məramını ifadə etdiyini vurğulayıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMTİP-in rezident nümayəndəsi Qulam İsakzai BMT-nin bütün ölkələrə 2030-cu ilədək Dayanıqlı İnkişaf Proqramından irəli gələn öhdəliklərin yerinə yetirilməsində və öz milli prioritetlərini bu Məqsədlərə uyğunlaşdırmaqda davamlı olaraq dəstək göstərdiyini bildirib. O, Azərbaycanda əmək resurslarının səmərəli məşğulluğunun təminatı sahəsində aparılan işləri bundan sonra da dəstəkləməkdə davam edəcəklərini vurğulayıb. BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva Azərbaycanın BƏT-lə fəal əməkdaşlığını yüksək dəyərləndirib, təşkilatın ölkəmizdə aktiv məşğulluq tədbirlərinin, o cümlədən özünüməşğulluq proqramının genişləndirilməsi üçün aparılan işlərə yaxından dəstək verməkdə maraqlı olduğunu qeyd edib.
Niyyət Məktubunda BMTİP və BƏT-in məşğulluq, aktiv əmək bazarı proqramları sahələrində və ümumilikdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında fəaliyyətlərini genişləndirməkdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin isə aktiv əmək bazarı proqramlarını, xüsusilə də özünüməşğulluq proqramını idarə etmək potensialını artırmaqda maraqlı olduqları bildirilir. Sənəddə ölkəmizdə özünüməşğulluq proqramının həyata keçirilməsi və genişləndirilməsi, milli məşğulluq strategiyasının icra edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin potensialının artırılması daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq etmək istəyi əksini tapır. Qeyd olunur ki, gözlənilən nəticə Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə gündəliyin, məşğulluq strategiyasının və özünüməşğulluq proqramının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək göstərilməsinə yönələn, bir-birini tamamlayan və bir neçə məqsədə, eyni zamanda, nail ola bilmək imkanı verən layihələr və təşəbbüslər olacaqdır.
AZƏRTAC