Nazirlikdən cavab gəldi…
Nazirlikdən cavab gəldi.
Müdafiə Nazirliyindən hərbi qulluqçularımızın mənəvi-psixoloji durumunun müharibəyə hazırlıq səviyyəsinə gətirilməsi ilə bağlı açıqlama verilib.
Oxu.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildirilənə görə, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə hərbi qulluqçularla mənəvi-psixoloji iş müvafiq vəzifələrdə xidmət edən zabitlər tərəfindən həyata keçirilir.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, bu zabitlər şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, əsgərlərlə fərdi söhbətlərin aparılması, psixoloji testlərin, anonim sorğuların keçirilməsi və digər fəaliyyətləri yerinə yetirirlər:
“Aparılan işlərin nəticəsi olaraq risk qrupuna aid olan problemli gənclər müəyyən edilir, onlarla fərdi iş təşkil olunur və ehtiyac duyulanlar nəzarətə götürülür, xüsusi diqqət və qayğı ilə əhatə olunurlar”,- deyə nazirliyin mətbuat xidmətindən göndərilən cavabda bildirilib.
Nazirlikdən həmçinin bildiriblər ki, psixoloji iş hərbi qulluqçuların hərbi xidmətə çağırıldığı gündən ehtiyata buraxılanadək planlı şəkildə, mütəmadi və davamlı olaraq həyata keçirilir:
“Bu sahədə fəaliyyətlər şəxsi heyətlə aparılan fərdi işin daha da yaxşılaşdırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının artırılması, baş verə biləcək neqativ halların qarşısının alınması məqsədini daşıyır”,- deyə nazirliyin mətbuat xidmətindən sorğuya cavab olaraq bildiriblər.