Bakıda yanvarın 20-də bəzi yollarda hərəkət məhdudlaşdırılacaq…
Bakıda yanvarın 20-də bəzi yollarda hərəkət məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, 20 Yanvar faciəsi qurbanlarını yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması ilə əlaqədar yanvarın 20-də saat 08:00-dan mərasim qurtaranadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdihüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
Parlament prospekti boyunca avtomobillərin parklanmasına yol verilməyəcəyindən Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən, əhalidən xahiş edir ki, bu istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Parlament prospekti vasitəsilə müəyyən istiqamətə hərəkət edənlər alternativ yollardan istifadə etsinlər. /Trend/