“2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib.

Proqram əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, tibbi bərpası, bədən tərbiyəsi və idmana cəlb edilməsi, asudə vaxtlarının səmərəli təşkili üçün kompleks tədbirlərin həyata keçirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədinə xidmət edir.

Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2018-ci il ərzində bu sahədə görəcəyi tədbirlər öz əksini tapır. Belə ki, proqramda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması, onların ölkə daxilində müalicə olunmalarına kömək, sosial-məişət problemlərinin həlli ilə bağlı maddi və sosial xidmət müəssisələrinə texniki yardım göstərilməsi, əlillik problemi ilə bağlı informasiya təminatının, həmin təbəqələrdən olanlara diqqət və qayğının artırılması üçün təbliğat kampaniyasının təşkil olunması tədbirləri yer alır.

Sənəddə əlilliyi olanların və sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi, onların cəmiyyətə inteqrasiyasına xidmət edən layihələrin (o cümlədən, eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara surdoloji xidmətlərin, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar əsasında idman, incəsənət, xalq sənəti növlərinin öyrədilməsinə yardımın göstərilməsi və s.) həyata keçirilməsi də nəzərdə tutulub. Proqramda əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında idman tədbirlərinin təşkil edilməsi, onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması ilə əlaqədar tədbirlər də əksini tapır.

Eyni zamanda, həmin təbəqədən olanların yaradıcılıq imkanlarının dəstəklənməsi, onların istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması üçün cari ildə də ümumrespublika səviyyəli tədbirin təşkil edilməsi planlaşdırılır. Proqrama uyğun olaraq bu il Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların X Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi keçiriləcək.

AZƏRTAC