“The Washington Times” qəzetində Azərbaycanın turizm imkanları barədə məqalə dərc edilib

“The Washington Times” qəzetində “Azərbaycana səfər. Bakıda və ölkə boyunca gediş-gəliş” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, materialda Azərbaycana üz tutan turistlərə bu ölkəyə gəlmək üçün əvvəlcə viza almaq lazım olduğu xatırladılır. Bildirilir ki, 2017-ci il Azərbaycanın əsas gəliş-gediş məntəqəsi, ölkənin ən iri hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportu üçün rekord ili olub: keçən il bu aeroport 4 milyon sərnişinə xidmət edib. Bu, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 23 faiz çoxdur. Məqalədə qeyd edilir ki, 2014-cü ildən etibarən Azərbaycana gələn ABŞ vətəndaşları üçün xüsusi rahat xidmətlər təqdim edilir: Nyu-Yorkdakı Con Kennedi adına aeroportdan (JFK) birbaşa reyslə Heydər Əliyev Aeroportuna uçanlar Bakıya çatandan sonra birdəfəlik qısamüddətli viza ala bilərlər. Heydər Əliyev Aeroportundan Mərkəzi Dəmir Yol vağzalına aeroportun 48 sərnişin tutan rahat avtobuslarında da getmək mümkündür. Azərbaycanda rahat taksi xidmətlərindən də istifadə etmək olar. Göstərilir ki, Azərbaycan daxilində səyahət etmək üçün avtomobilləri kirayə götürmək də mümkündür. Ölkədə avtomobil kirayəsi xidmətləri təklif edən beynəlxalq şirkətlər, o cümlədən “Avis” və “Hertz”, habelə çoxsaylı yerli şirkətlər fəaliyyət göstərir.

Ölkə daxilində uçuşlar üçün Azərbaycanın ən iri aviaşirkəti olan “Azərbaycan Hava Yolları” (AZAL) QSC xidmətlərindən istifadə etmək olar. Bu yaxınlarda AZAL yeni daxili reyslər açıldığını elan edib.

Məqalədə Azərbaycanın digər gözəl şəhərlərinə və mənzərəli guşələrinə, o cümlədən Gəncə, Qəbələ və Şəkiyə getmək də məsləhət görülür.

Azərbaycanda avtobusda səyahətə çıxmaq geniş yayılıb. İri şəhərlərin, demək olar ki, hər birində avtovağzal və ya şəhərlərarası avtobusların dayanacaqları var. Bundan əlavə, ölkə daxilində səyahət üçün münasib qiymətlə dəmir yol xidmətlərindən də istifadə etmək olar.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton