1941-1945-ci illər İkinci Dünya müharibəsinin başa çatmasından 69 il ötsə də, hələ də bu savaşın ağrı-acıları insanların qəlbində unudulmayıb, heç unudulmayacaq da…
1941-1945-ci illər İkinci Dünya müharibəsinin başa çatmasından 69 il ötsə də, hələ də bu savaşın ağrı-acıları insanların qəlbində unudulmayıb, heç unudulmayacaq da… Bu müharibədə 640 mindən çox azərbaycanlı iştirak edib, əsl vətənpərvərlik nümunəsi göstərib. Neçə-neçə insan Sovet İttifaqı Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülüb, yüzlərlə həmyerlimiz orden və medallarla təltif edilib…
Bu da həqiqətdir ki, həmin müdhiş müharibədən 300 min Azərbaycan vətəndaşı geri qayıtmayıb. Ailələr, uşaqlar başsız qalıb. Yüzlərlə ana, oğul-qız, qardaş-bacı, əmi-dayı, xala-bibi itkin düşmüş əzizlərinin sorağıyla dünyasını dəyişib. Müharibədən “qara kağızı ” gələnlərin yolunu gözləyənlər, itkin düşənləri axtaranlar günü bu gün də var. Onlar böyük ümidlərlə yerli və xarici ölkələrin televiziya kanallarına, qəzet və jurnallara, internet saytlarına müraciət edirlər. Nəsillər dəyişsə də ümid, istək azalmır. Hamının gözü öz itkisini axtarır. Belə ailələrdən biri də Gədəbəy rayonunun Mutudərə kəndində yaşayan Əsgərovlar ailəsidir.
Mutudərə kəndinin sakini 1903-cü il təvəllüdlü Mikayıl Yusif oğlu Əsgərov 1942-ci ildə Gədəbəy Rayon Hərbi Komissarlığı tərəfindən cəbhəyə səfərbər olunanda bir il idi ki, faşist Almaniyasına qarşı müharibə yeri-göyü lərzəyə salmışdı. Bu zaman o, kolxozda briqadir işləyirdi, dörd övlad atası idi: İzzət, Mübariz, Rəfiqə və təzəcə dünyaya gəlmiş Sabir. Mikayıl kişinin dörd övladından indi 10 nəvəsi, 20 nəticəsi, 9 kötükcəsi var.
Mikayıl Əsgərovun həyat yoldaşı Qaragöz ana həmişə uşaqlarına və nəvələrinə deyərdi ki, “Mikayıl böyük bir təsərrüfatın rəhbəri idi, briqadir işləyirdi. Məni dörd uşaqla başsız qoyub müharibəyə getdi. Getməyə də bilərdi. O zaman bizim kimi çoxuşaqlı ailələrin başçılarını arxa cəbhədə saxlayıb işlədirdilər. Amma o, tərsliyinə saldı, iki ayağını bir başmağa dirədi ki, Vətən təhlükədədir, mən getməsəm, o biri getməsə bəs torpağı kim qoruyacaq? Kənddən görün nə qədər adam gedib, ayıb deyilmi, onlar gedə, mən qalam. Axır ki, getdi. Axırıncı məktubu Armavirdən gəlmişdi. Yazmışdı ki, “biz o tərəfə keçdik “. Ondan sonra Mikayıldan heç bir xəbər tuta bilmədik… Allaha şükür, yaxşı-pis, çətinliklə də olsa uşaqları boya-başa çatdırdım “.
Qaragöz ananın yaxınları və nəvələri deyir ki, bu giley-güzara baxmayaraq, onun gözlərindəki kədər, nisgil həmişə hiss olunurdu. Dünyasını dəyişənə qədər ərinin yolunu gözlədi. Qaragöz ananın sağlığında oğlu Mübariz atasının itkin taleyi ilə bağlı dəfələrlə SSRİ Müdafiə Nazirliyinə müraciət etmişdi, lakin heç bir cavab ala bilməmişdi.
Bu barədə söz düşəndə ailənin üzvü Eldar Əsgərov dedi: “Mikayıl babamı görməmişəm. Uşaq vaxtı həmişə anamdan və nənəmdən soruşurdum ki, Mikayıl babam kim olub, haradadır? Bu zaman anam atası haqqında o qədər xatirələr danışardı ki, axırda da qürur hissi ilə deyərdi: “Qağam (böyük mənasında – red.) uşaqların içində məni daha çox istəyirdi, həmişə saçımı sığallayır, əzizləyir, xüsusi qayğı göstərirdi “”.
Müharibə illərində Azərbaycan ailələrinə çoxlu sayda əsgərlərin itkin düşmələri barədə məktublar gəlirdi. Belə məktublardan biri də Əsgərovlar ailəsinə gəlmişdi. “1903-cü ildə anadan olmuş Əsgərov Mikayıl Yusif oğlu 1942-ci il 14 aprel tarixdə Gədəbəy Rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmış və onun 1943-cü il 12 iyul tarixdə itkin düşməsi barədə Azərbaycan SSR Gədəbəy Rayon Hərbi Komissarlığına məlumat daxil olmuşdur. Bu məlumat 1948-ci il 13 oktyabr tarixdə “itkin düşmüşün ” ailəsinə təqdim olunmuşdur “.
Buna baxmayaraq Mikayıl kişinin oğlanları, eləcə də nəvəsi Eldar “heç olmasa bilim ki, babam harada, hansı şəraitdə itkin düşüb” deyə dəfələrlə SSRİ Müdafiə Nazirliyinin Mərkəzi arxivinə müraciət etmişdi. Amma istəyi cavabsız qalmışdı. Beləliklə, bu axtarış tədricən unudulmuşdu.
Dörd il bundan öncə Almaniya üzərində qələbənin 65-ci ildönümü münasibətilə Rusiya Müdafiə Nazirliyi tərəfindən yaradılmış saytda(www.obd-memorial.ru) bildirilirdi ki, hər kəs öz babası, atası, əri, bir sözlə, doğmaları barədə buraya sorğu verə bilər. Eldar dərhal onu maraqlandıran suallarla həmin sayta müraciət edir. Bir neçə gündən sonra əvvəlki məlumatlardan fərqli olaraq saytda bildirilir: “Sıravi Mikayıl Yusif oğlu Əsgərov 1943-cü il 29 aprel tarixində Şimali Qafqazda gedən qanlı döyüşlərdə həlak olmuş və Krasnodar Vilayətinin Slavyansk-na-Kubani rayonunun Anastasiyevskoye qəsəbəsi, Prikubansk kəndindəki qardaşlıq qəbiristanlığında dəfn olunmuşdur “.
Yeni məlumatla bağlı Eldar Əsgərov Krasnodar Vilayətinin Slavyansk-na-Kubani rayonunun Anastasiyevskoye qəsəbə nümayəndəsi Aleksandr Qriqoryeviç Zavoloka ilə telefon əlaqəsi yaradır, saytda əldə etdiyi məlumatları bir daha dəqiqləşdirir. Beləliklə, söhbət zamanı alınan razılığa görə Eldar Əsgərov 2014-cü il iyul ayının 19-da ailəsi ilə birlikdə Prikubanska getməli olur.
Sən demə, qəsəbə nümayəndəliyi və kənd sakinləri azərbaycanlı qonağın gəlişinə xüsusi hazırlaşıblarmış. Onlarla anastasiyevkalı Eldarı və ailəsini gül-çiçəklə qarşılayırlar. İzdiham görüş yerindən birbaşa qardaşlıq qəbiristanlığına hərəkət edib. Bu qəbiristanlıqda Böyük Vətən müharibəsi zamanı 580 nəfər sovet əsgəri dəfn olunub, onlardan 21-i azərbaycanlıdır. Bu məzarlıq regional əhəmiyyətli yerli mədəniyyət abidəsi hesab edilir, dövlət tərəfindən mühafizə olunur. Kənd adamlarının dediklərinə görə, müharibədən sonrakı 69 il ərzində qardaşlıq qəbiristanlığına Azərbaycandan gələn ilk nümayəndə Eldar Əsgərov olub.
Eldar özü ilə gətirdiyi vətən torpağını babasının qəbri üzərinə töküb, burada yerli sakinlərin təşəbbüsü ilə kiçik mitinq keçirilib, Anastasiyevskoye qəsəbə nümayəndəsi A.A.Zavoloka çıxış edib, kənd sakinləri İkinci Dünya müharibəsinin onların ailələrinə gətirdiyi faciələrdən danışıblar, qəsəbə uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan Mikayıl Əsgərovu və digər azərbaycanlı şəhidləri hər il 9 May – Qələbə Günündə və digər bayramlarda ehtiramla yad etdiklərini bildiriblər. İllərlə arxasınca sahibi gələ bilməyən məzarlara nəzarət edilir, ərazi təmiz saxlanılır, uçub dağılmağa qoymurlar. Anastasiyevskoyedə digər bir qardaşlıq məzarlığı da var ki, burada 2200 nəfər əsgər dəfn olunub, onlardan da 35 nəfəri azərbaycanlıdır.
Eldar Əsgərov minnətdarlıq çıxışında 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində azərbaycanlıların göstərdiyi qəhrəmanlıqlardan – tank qoşunları komandiri general Həzi Aslanovdan tutmuş partizan Mixaylo, Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov və neçə-neçə igid oğullarımız haqqında danışıb. Onu da bildirib ki, Azərbaycan bu müharibədə nəinki canlı qüvvə ilə, həm də Bakı nefti ilə ölüm-dirim mübarizəsinə qatılıb, müharibədə istifadə olunan yanacağın 70 faizini Bakı nefti təşkil edib.
Səfər təəssüratını bölüşən Eldar Əsgərov deyir ki, görüş zamanı Böyük Vətən müharibəsi iştirakçılarına, bu müharibədə həlak olanların, itkin düşənlərin ailələrinə xüsusi ehtiram, qayğı görüb.
“ Onlar Şimali Qafqazda gedən döyüşlər barədə iftixarla danışırdılar. Bizə olan diqqətin, sayğının səbəbi isə babamın məhz həmin torpaqlarda vuruşub şəhid olmasıdır. O məzarlıqlarda uyuyan azərbaycanlı şəhidlərə böyük ehtiramın nəticəsidir.
Qardaşlıq məzarlığına qəsəbədəki 22 saylı orta məktəb hamilik edir. Həmin təhsil müəssisəsində də olduq, Azərbaycandan gələn nümayəndə adından məktəbə xatirə hədiyyəsi təqdim edildi. Bu səfər və görüşlə bağlı Krasnodar televiziyasında xüsusi veriliş nümayiş etdirildi. “Youtbe “də də həmin süjet “Askerov Eldar İsmailoviç v Anastasievskom ” başlığı altında yerləşdirildi.
Bildiyimiz kimi, 1941-1945-ci illər müharibəsində əsas döyüşlər Stalinqrad və Kursk ətrafında olmuşdur. Amma çıxışlarda qeyd edildi ki, Stalinqrad döyüşləri ilə yanaşı, Şimali Qafqazda da ölüm-dirim müharibəsi gedib. 1942-ci il iyunun 23-də alman komandanlığı “Edelveys ” planını açıqlayaraq 45 saylı məxfi direktiv imzalayıb. Məqsədi SSRİ-ni limanlardan və Qara dəniz donanmasından məhrum etmək olub”.
Alman ordusuna qarşı general-leytenant R.Malinovskinin rəhbərliyi altında cənub cəbhəsinin ordusu və marşal S.Budyonnunun rəhbərliyi altında Qara Dəniz Donanması və Azov Hərbi Flotunun köməyi ilə Şimali Qafqaz cəbhəsinin Silahlı Qüvvələri müqavimət göstərib. 1942-ci il iyulun 25-dən dekabrın 31-nə kimi sovet ordusunun bölmələri Şimali Qafqazda ağır müdafiə döyüşləri aparıb. Nəhayət, düşmən qüvvələrinin hücumuna tab gətirə bilməyən sovet əsgərləri Baş Qafqaz sıra dağlarına və Terek çayına çəkilərək Şimali Qafqazın rayonlarını tərk edib. 1942-ci ilin dekabr ayında düşmən hücumunun qarşısı alınıb. Alman rəhbərliyinin Qafqazın neft yataqlarını tutmaq cəhdi boşa çıxıb. Danışıqlardan məlum olur ki, Şimali Qafqazda gedən döyüşlər Stalinqrad və Kursk uğrunda gedən döyüşlərdən çox-çox dəhşətli olub. Burada əsir düşmüş bir alman əsgəri ifadələrində göstərib: “Bura əsl cəhənnəmdir, cəhənnəm odudur, cəbhələrin cəbhəsidir, qaynar qazandır, ət maşınıdır… “.
Aparılan əsas döyüş əməliyyatlarından biri də almanların “Qotenkopf “- “Mavi xətt ” əməliyyatı olub. Şərti adın mənası 1943-cü ilin yanvar-fevral aylarında Krasnodar-Taman istiqamətində alman ordusunun müdafiəsinin sərhədləri demək idi. Gədəbəyli sıravi əsgər Mikayıl Əsgərov məhz “Mavi xətt ” əməliyyatı zamanı həlak olub. Azərbaycanlıların Zaqafkazye cəbhəsinin Şimal qrupunun 1942-ci il 20 noyabr tarixinə milli tərkibini araşdırarkən məlum olub ki, bu döyüşlərdə rusların sayı 95071, azərbaycanlıların sayı 40476, ukraynalıların sayı 27479, gürcülərin sayı 14077, ermənilərin sayı isə 13896 nəfər təşkil edib.
Bu döyüşləri Şimal qrupunun qərargah rəisi, general-mayor A.A.Zabaluyev belə təsvir edib: “Bizim piyada qoşunları qızıldır, onlar bütün məhrumiyyətlərə tab gətirirlər. Azərbaycanlılardan ibarət olan piyada qoşunların əsgərləri cəsarətlə hücuma keçirdilər, tankların hücumundan qorxmayaraq geri çəkilmirdilər, bəzən də onlara vaxtında kömək olmadığından lazımi qaydada tank əleyhinə qumbaralardan və butulkalardan istifadə edə bilmir və nəticədə böyük itkilər verirdilər “.
Sovet Ordusu generalının bu fikirləri və azərbaycanlıların Şimali Qafqazda gedən döyüşlərdəki say tərkibi, azərbaycanlılardan ibarət 77, 223, 402 və 416-cı diviziyaların rəşadətli döyüş yolu onu deməyə əsas verir ki, Azərbaycan oğulları həqiqətən qanı bahasına düşmən üzərində qələbəyədək vuruşub.
Bu ilin iyul ayında Eldar Əsgərov Gədəbəyə, Mutudərəyə dönəndə ailənin yaxınları, eşidən-bilən kənd camaatı onun görüşünə gəlib. Şimali Qafqazın Krasnodar Vilayətinin Slavyansk-na-Kubani rayonunun Anastasiyevskoye qəsəbəsində qardaşlıq qəbiristanlığındakı yığıncağa sanki Mutudərə kənd qəbiristanlığında yekun vurulub. Eldar babası Mikayıl kişinin məzarından götürdüyü torpağı nənəsi – Qaragöz ananın məzarı üstünə səpib. Əsgərovlar ailəsinin, kənd ağsaqqalları və ziyalıların iştirakı ilə burada da yığıncaq keçirilib. Qəbiristanlıqda uyuyanların, Böyük Vətən və Qarabağ müharibəsində itkin düşənlərin və şəhid olanların ruhuna dualar oxunub. Yığıncaqda 1941-1945-ci illər müharibəsində azərbaycanlıların döyüş şücaətindən ətraflı söhbət açan tanınmış filosof-alim, Milli Qəhrəman Məzahir Rüstəmovun atası İzzət Rüstəmov bildirib ki, 1941-1945-ci illərdə alman faşizminə qarşı müharibədə yüzlərlə gədəbəyli iştirak edib. Onların yarıdan çoxu geri qayıtmayıb, bunun da 7-si Mutudərə kəndinin payına düşür. Eldar Əsgərov kimi ziyalıların vətənpərvərliyi sayəsində 71 il bundan əvvəl İkinci Dünya müharibəsində itkin düşən bir əsgərin məzarı tapılıb… ailəsinin, yaxınlarının gözü yoldan yığılıb.
“İnanıram ki, kənd ziyalıları bu xeyirxah ənənəni davam etdirəcəklər. Cəbhədən qayıtmayan həmkəndlilərimiz Talıb Nəbiyevin, Bəhlul İsayevin, Əli Zeynalovun, Qələndər Rzayevin, Fərman Məmmədovun, Qoca və Məcid Tağıyev qardaşlarının harada, hansı şəraitdə həlak olduqları və qəbirlərinin harada yerləşdikləri barədə təskinlik xəbəri onların da ailələrinə veriləcək”.
Kənd müəllimlərindən Əlyar Məmmədov, Elman Məmmədov və Söhrab Mansurov bildiriblər ki, gədəbəylilər nəinki Böyük Vətən müharibəsində, elə mənfur ermənilərlə müharibədə də respublikamızın ərazi bütövlüyü uğrunda əllərindən gələni ediblər. Cəbhə bölgəsində yerləşən Mutudərə kəndinin sakinləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsinin uğurlu həlli, düşmən tapdağı altında qalan torpaqların geri qaytarılması istiqamətində apardığı siyasəti ürəkdən dəstəkləyirlər.
Mikayıl Əsgərovun ailəsindən onun şəklini əldə etmək istədik. Məlum oldu ki, 1943-cü il aprel ayının 29-da alman faşistləri tərəfindən öldürülən Mikayıl Əsgərovun mülkünü erməni faşistləri 1992-ci il avqust ayının əvvəllərində yandırıblar. Bu zaman evin yuxarı başında divardan asılı olan Mikayıl Əsgərovun yeganə şəkli məhv edilib. Özünü alman, şəklini isə erməni faşistləri məhv edən Mikayıl Əsgərovun ruhu şaddır ki, uğrunda şəhid olduğu vətən torpağı yad əllərdə deyil, övladları, nəvə-nəticələri müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıdır.
/Modern.az/