Avropa-Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan Böyük Britaniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Mark Fildin başçılıq etdiyi nümayəndə heyəti bu gün Bakıda Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.Avropa-Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan Böyük Britaniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Mark Fildin başçılıq etdiyi nümayəndə heyəti bu gün Bakıda Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.
APA-nın məlumatına görə, nümayəndə heyəti öncə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil qoyub. Daha sonra Şəhidlər Xiyabanına gələn ingiltərəli parlamentarilər Əbədi Məşəl Kompleksi və Dağüstü parkda 1918-ci ildə Bakıda həlak olmuş ingilis əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
M. Fild bildirib ki, Azərbaycanın iqtisadi inkişafı onun uğurlu gələcəyi olduğunu deməyə əsas verir.
M. Fild səfər çərçivəsində məcburi köçkünlərin həyat şəraiti ilə tanış olduqlarını, həmçinin cəbhə xəttindəki yaşayış məntəqələrinə səfər etdiklərini deyib: “Münaqişənin həllinə dair biz böyük vədlər verə bilmərik. Biz orada evlərindən ayrı düşmüş insanların həsrətlərini dinlədik. Bizə məlum oldu ki işğal olunmuş ərazilərin boşaldılması ilə bağlı BMT-nin 4 qətnaməsi 19 ildir icra olunmur. Biz bunun həlli yollarını arayacağıq”.
Nümayəndə heyətinin rəhbəri Azərbaycanda gördükləri vəziyyəti Böyük Britaniya parlamentində paylaşacaqlarını da bildirib. O, yaxın gələcəkdə Britaniya parlamentindən Azərbaycana yenə heyətlərin gələcəyinə ümid etdiyini vurğulayıb.
Dostluq Qrupunun rəhbəri Bakıda ingilis əsgərlərinin xatirəsinə memorial qoyulmasına görə minnətdarlığını da ifadə edib.
Qeyd edək ki M. Fildin başçılıq etdiyi 6 nəfərlik nümayəndə heyəti Bakıya mayın 26-da gəlib. Nümayəndə heyəti bu gün Qubaya səfər edəcək.
Apa.