Nazirlik tanklarımızın cəbhəyə göndərilməsindən danışdı

“Əlavə tədbirlər görülür”…

“Əlavə tədbirlər görülür”.

 

Yanvar ayının 21-dən fevralın 8-dək qoşunların təmas xəttində qarşı tərəfi atəşkəs rejimini 2000 dəfəyə qədər pozub.

 

Oxu.Az xəbər verir ki, bunu Müdafiə Nazirliyindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər.

 

“Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub”,- deyə nazirlikdən vurğulayıblar. Məlumata görə, cəbhə xəttində mütəmadi olaraq atəşkəsin pozulmasının qarşısını almaq üçün əlavə tədbirlər görülür:

 

“Müdafiə nazirinin əmrinə uyğun olaraq bütün müvafiq tədbirlər həyata keçirilib və hazırda da keçirilir”.

 

Müdafiə Nazirliyindən bir sıra dünya KİV-lərində “Azərbaycan tanklarını sərhədə yığır” kimi başlıqlı yazıların dərc olunması məsələsinə də aydınlıq gətirilib. Nazirlikdən bildiriblər ki, bu fikirlər həqiqətə uyğun deyil:

 

“Tanklarının cəbhə bölgəsinə doğru irəliləməsi barədə yayılan informasiyalar yanlışdır”,- deyə nazirlikdən göndərilən məlumatda vurğulanır.

 

Nazirlikdən bildiriblər ki, hərbçilərin döyüş qabiliyyətinin artırılması məqsədi ilə bağlı da tədbirlər görülür:

 

“Döyüş hazırlığı planına uyğun olaraq mütəmadi olaraq təlim toplantıları və məşğələlər, bilik və təcrübələrin artırılması məqsədilə hərbi qulluqçularımızın beynəlxalq hərbi təlimlərdə iştirakı təmin edilir, ixtisasartırma kursları keçirilir”.

 

/oxu.az/