Əli Həsənov: Son vaxtlar dələduzlar peyda olub və onlar qaçqınlara, məcburi köçkünlərə istiqamətləniblər

“Təəssüflər olsun ki, son vaxtlar ölkənin bəzi bölgələrində, həmçinin Bakıda dələduzlar peyda olub və onlar qaçqın və məcburi köçkünlərə istiqamətləniblər “. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə.Həsənov bununla bağlı bir neçə dəfə KİV vasitəsilə qaçqınları və məcburi köçkünləri xəbərdar etdiyini vurğulayıb.

Baş nazirin müavini xatırladıb ki, bu günlərdə Gəncədə bir məcburi köçkün mənzil əldə etmək üçün binanın damına çıxaraq intihara cəhd etmək istəyib: “Mənzil əldə etmək üçün özünü yandırma kimi istifadə meyilləri ortaya çıxıb. Mən bir daha xəbərdarlıq etdim ki, bu yolla mənzil almaq mümkün deyil. Qeyri-qanuni yolla insanları yataqxanalara yerləşdirirlər ki, bunlar mənzil alsın. Ancaq biz bu cür ədalətsizliklərə yol verə bilmərik. Bizdə siyahılar var. Biz bilirik ki, orada 20 il yaşayanlar kimdir. Məsələn kəlbəcərli köçkün işğaldan bir neçə il əvvəl Azərbaycanın digər bölgəsində gəlib yaşayır. 1 il bundan qabaq Kəlbəcər RİH-in bəzi işçiləri qanunsuz yolla bunu qeydiyyata salırlar ki bu şəxs ev alsın. Biz bu qanunsuzluğa yol verə bilmərik “.

Ə.Həsənov bildirib ki, məcburi qaçqın olan qadın onun qəbuluna gəlib və bildirir ki, 44 nəfər məcburi köçkündən dələduzlar 370 min manat toplayıb: “Bunların hamısı da Ağdamdan olan məcburi köçkünlərdir. Bəlli olanda ki, bu iş dələduzluqdur, həmin şəxs pulun 170 min manatını qaytarıb. Qalan pulu ödəyə bilmədiyindən Türkiyəyə qaçıb. Bu cür halların hamısına son qoyulacaq “.

Ə.Həsənov əlavə edib ki, bu il 7-8 rayonda tikinti işləri gedir: “Ağdamda çox böyük bir qəsəbə tikilir. Bundan başqa, Göygöl, Beyləqan, Saatlı, Füzulidə tikinti işləri davam etdiriləcək. İlin sonuna hardasa 4 min ailə, 20 mindən çox məcburi köçkün yeni mənzillərə köçürüləcək. Bakıda və Abşeron ərazisində 2 il müddətinə tikinti olmayacaq. Çünki 500 ha həcmdə Qobu bələdiyyəsindən ərazini götürmüşük. 80 minə yaxın əhali ora yerləşəcək. Gələn il onun sosial texniki infrastrukturunu icra edəcəyik. 2016-cı ildə artıq orada yaşayış binaları tikilməyə başlayacaq “.

/Trend/