Kömək göndərin silah-sürsatımız qurtardı

Müharibə- bəziləri üçün sadəcə söz, digərləri üçün mübarizə və öz gücünün sübutu, yerdə qalanalar üçünsə həsrət, dərd-qəm, ağrı-acı gətirən bir məfhumdur…

Müharibə- bəziləri üçün sadəcə söz, digərləri üçün mübarizə və öz gücünün sübutu, yerdə qalanalar üçünsə həsrət, dərd-qəm, ağrı-acı gətirən bir məfhumdur. Amma bu dəqiqdir ki, müharibə sadəcə söz deyil, bunu yalnız yaşayanlar anlar. Hadisə anı və hadisə sonrası müxtəlif fikirlər formalaşdırır insanda. Müharibəni görməyib, amma onun yaratdığı acınacaqlı vəziyyəti görənlər Millətlərin barışığından, humanizmdən ağız dolusu danışırlar. Əlbəttə, hadisələrə bir tərəfdən baxanda bu doğrudur. Amma bu insanlar düşünürlərmi ki, valideyni öldürünmüş gənc bunu necə həzm edəcək? O, hər erməni görəndə hansı hissləri keçirəcək, içindəki qəzəbi boğacaqmı? Ümumiyyətlə bunu bacaracaqmı?

Artıq 22 il ötür hadisələrdən… Qarabağsız- Qaradağlısız yaşadığımız 22 il. Bu illər ərzində şəhid uşaqlarının keçirdiyi hissləri, hər gün gizlində onlar üçün tökdükləri göz yaşlarını bilirikmi? Bu uşaqların əksəriyyəti əlində lupa düşmən axtarır. Bizimsə haqqımız yoxdur ki, onlara humanizmdən dərs deyək. Çünki o ağrı-acını yaşayanda nə onların yanında olmuşuq, nə də ki onları başa düşməyə çalışmışıq.

Bəli, müharibə 2 cür təsir edir. Mübarizə əzmini artırır, digər tərəfdənsə niyə bu qədər insan itirdik kimi suallar ortaya çıxarır. Amma mən belə düşünmürəm. O torpaq uğrunda itirdiklərim mənim qürurum və şərəfimdir.

Qaradağlı- mənim üçün toxunulmaz, əzizlərimin gözlədiyi yerdir. Mən ora mütləq getməliyəm və gedəcəm. Gənclərin əksəriyyəti Qaradağlı kəndində baş verənlərdən məlumatsızdı. Buna görə qısa da olsa məlumat verim.

“Qaradağlıda vəziyyət 1988-ci ildən başlayaraq günü-gündən pisləşirdi. Mütəmadi olaraq kəndə hücumlar edilir, zərər verilirdi. Bəzi məqamlarda kənd özünümüdafiə dəstəsi, komandir Ədalət Məmmədovun başçılığı ilə qisaslarını almağa müvəffəq olurdular. Amma içində 6 nəfərlə birgə fermanın yandırılması, kəndə gələn avtobusun güllələnməsi nəticəsində 8 nəfərin qətlə yetirilməsi ciddi qərarlar qəbul etməyə səbəb oldu. Beləliklə, hər kəs öz ailəsini kənddən çıxarıb geri qayıtmalı idi. Belə də edildi. Qaradağlılılar heç bir kömək olmadan torpaqları uğrunda son damla qanlarına kimi vuruşdular. Yalnız silah-sürsat bitdiyi zaman kənd işğal olundu. Bu igidlərin ratsiya ilə son danışığı eşidənlərin hələ də yadından çıxmır. “Kömək göndərin, silah-sürsatımız qurtardı. ” Və son. Hec bir kömək getmir, 17 fevral 1992-ci ildən onlar bizi gözləyir.

Bu illər ərzində əzab çəksək də, onların bizi gözlədiklərinə ümid edirik. Ümid edirik ona görə ki, tutunacaq son budağımız onlar və Qaradağlıdır. Qətiyyən elə düşünməyin ki, sağ olduqlarını güman edirik. Xeyir! Yalnız bizim Qaradağlıya gedişimiz onların ruhunu şad edə bilər.

Müharibə mübarizədir, sənin olanları əlində saxlamaq gücünü dərk edə bildiyin an. Son nəticədə əzabını yaşasaq da, həyatda mübariz olmaq, sənin olanları qorumaq lazimdi. Axı o Sənindir……

 

Röya QARABAĞLI