Yenə 17 Fevral…

Yenə üzərinə hansı libası geyinəcəyini, hansı ruh halını daşıyacağını bilməyən qəribə bir gün…

Yenə üzərinə hansı libası geyinəcəyini, hansı ruh halını daşıyacağını bilməyən qəribə bir gün… İnsanlar bu günü təlatümsüz başa vurmaq ümidi ilə, erkəndən qalxıblar. Körpələr bəlkədə, uzun müddət səbəbini bilməyəcəkləri, qəribə çərçivəli, qəribə simalı insanların şəkillərini öpüb gözləri üstünə qoyduqdan sonra yola çıxmaq zamanı yetişir. Fikirlər bulanıq, üzlərdə aydınlaşdırmaq mümkün olmayan bir ifadə. Əllərdə başını önə əymiş qəhrəmanımız… Hər kəs susur… Kimsə cürət eləmir danışmağa! Qəhrəmanımız da, bu günün ağırlığını çiyinlərində daşımağın yaşatdığı yarı fəxarət , yarı utanc, yarı ağrı dolu hislərlə hamı kimi bu səssizliyin bir parçası olmağı seçir. Yollar isə son mənzilə çatmamaq üçün uzandıqca uzanır… Bu qulaqbatırıcı səssizlik qəflətən körpənin ‘ ‘ ana biz hara gedirik? ‘ ‘ sualıyla pozulur.

 

Son mənzil… İnsanlar çoxdan toplaşmağa başlayıblar… Hərkəsdə dərin bir ölüm səssizliyi… Danışan düşüncələr, peşmanlıqlar, utanc və ümidlərdir…

Hərəkət zamanı yetişir, qeyri ixtiyarı qatar kimi düzülmüş bu bədənlər ruhlarının harda olduğundan bixəbər hərəkət etməyə başlayırlar. Önündən keçib oxuduqları hər ad bir film lenti kimi öz həyatlarını təqdim edir bu ruhsuz bədənlərə. Qulaqbatırıcı ölüm səssizliyi ilə, davam edən bu yarımçıq filmlər, yarımçıq hekayələr insanın ruhunu rahat buraxmayan qaranlıq bir sonsuzluq hissi bəxş edir…

Çox düşünmüşəm, çox suallar vermişəm öz-özümə görəsən bu yarımçıq həyatların qəbul etdikləri qərarları mən seçə bilərdimmi, bu iradə məndə mövcuddur mu?! Bir anlıq düşünək, soyuq fevral ayı, hər tərəfdən mühasirəyə alınmış bir kənd. Ən kiçik bir ümid işığı belə yoxdur. Və bu bir ovuc insan iradəsinın ölüm və yaşatmaq üzərində əsrarəngiz qələbəsi… Ən çox bilmək istədiyim də, atamın səngərdə son anlarında olumla ölüm arasında qalaraq ölümü seçərkən qardaşımı məni, anamı düşünüb düşünüb-düşünmədiyidir. Görəsən ən kiçik bir tərəddüd hissi keçiribmi bizi düşündüyü zaman?! Ya da, sadəcə düşünübmü?!

Bu ölüm səssizliyi körpənin ‘ ‘ana bura haradır? ‘ ‘, ‘ ‘sən niyə o qərənfillə danışırsan? ‘ ‘ suallarıyla yenə pozulur. Qadın isə heç bir reaskiya vermədən elə hey qəhrəmanımızın qulağına bir şeylər pıçıldamağa davam edirdi. Bəlkə izlədiyi bir filmi, dünən gördüyü bir yuxunu danışır, ya da, bir anlıq yuxulama ilə körpəsi üçün hazırladığı südün dibini necə yandırdığını bir uşaq sadəlövhlüyü və utanqaclığı ilə nəql edirdi. Ya da, sadəcə darıxırdı…

Gün yekunlaşmaq üzrədir. İnsanlar bu dəfə də, ağrılarını, acılarını, peşmanlıqlarını paylaşmaq üçün gəldikləri bu ruhların hüzurunda bir kəlmə belə, etmədən geri dönürlər. Yollarda ruhsuz bədənlər, bədənsiz ruhlar… Ya da , sadəcə yaşayan ölülər!…

Yeniyetmə vaxtlarımda tək günahkar kimi özümü görürdüm. Mən doğulmasaydım bütün bunlar olmayacaqdı deyə. Bəzən hətta bu hisslər o həddə çatırdı ki, səssiz-səmirsiz yox olsam bəlkə hər şey əvvəlki halına dönər deyə düşünürdüm. Bəlkə, anam 1992-ci ilin 17 fevral tarixində nə vaxtsa yenidən dönmək ümidi ilə tərk etdiyi o həyata qovuşacaqdı. Bəlkə, qardaşım məktəbdə ‘ ‘valideyinlərin nə işləyir? ‘ ‘ kimi mənasız sualların ona ünvanlanmaması üçün Allaha yalvarmayacaqdı… Ya da, körpə vaxtlarımda yad bir insana ‘ ‘dədə ‘ ‘ deyib, sonralar isə ruhumu parçalayan ‘ ‘dədə ‘ ‘ ilə ‘ ‘ata ‘ ‘ arasındakı uçurumlar qədər fərqi anlamaq məcburiyyətində qalmayacaq, ilk kəlmənin ikincinin yanında nə qədər cılız və mənasız qaldığını dərk etməyəcəkdim.

Zaman ötdükcə yavaş-yavaş bütün bu düşüncələr bədənimi, ruhumu tərk etməyə üz tutur. Bu tərkediliş həyatıma yeni bir məna qatmağa başlayır. Artıq anlamağa başlayıram bu tarixin bir təsadüf olmadığını. 17 fevral atamın bir ovuc ınsanla birlikdə ailəsindən, gələcəyindən, ümidlərindən, xəyallarından imtina edib vətəni uğrunda şəhid olduğu o gün əslində öldüyü gün yox, mənim bədənimdə, mənim simamda yenidən doğuluş, varoluş günüdür.

17 Fevral doğum günüm

Yenə baş-başa qalırıq. Yenə qəribə bir hüzur var içimdə. Danışmağa başlayıram ötən ildəki doğrularımı, yalnışlarımı, uğurlarımı, uğursuzluqlarımı. Bir an belə olsun susmuram, həmişəki kimi sözləri cümlələri ard-arda sıralayıram. Çünki qoruxuram susduğum zaman ömürlük danışa bilməmək ehtimalından…

Gün yekunlaşmaq üzrədir. Sağollaşmaq zamanı yetişir. Və mən yenə anlayıram yalnız öz yerimə yaşamadığımı, bir bədəndə 2 fərqli ruh daşıdığımı… və ya elə 2 eyni ruhu daşıyıram cismimdə. Sonra, bir anlıq durub düşünürəm. Qəhrəmanımızın qulağına bir şeylər pıçıldayan o qadın gəlir gözümün önünə. Bəlkə də o da sadəcə darıxırdı…

Rəşad Zeynallı

İstanbul Universitetinin tələbəsi