Sistemin işə salınması ilk növbədə işçi hüquqlarını təmin edəcək…
Sistemin işə salınması ilk növbədə işçi hüquqlarını təmin edəcək.
Əmək Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanının icrası ilə əlaqədar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə (EİS) daxil edilməsi və qeydiyyata alınması prosedurlarını əks etdirən müvafiq qaydalar hazırlanaraq təsdiq olunmaq üçün respublika hökumətinə təqdim edilib.
Oxu.Az xəbər verir ki, ƏƏSMN-dən verilən məlumata görə, qaydalar təsdiq edildikdən sonra elektron informasiya sisteminin “elektron hökumət” portalı üzərindən tətbiqinə yaxın vaxtlarda başlanacaq.
Əmək müqaviləsi bildirişlərinin sistemə daxil edilərək qeydiyyata alınması üçün ƏƏSMN tərəfindən elektron informasiya sisteminin proqram təminatının hazırlanması işləri də artıq başa çatdırılıb. Yeni proqram təminatı işəgötürənlərin qeyd olunan bildirişləri e-imza vasitəsilə elektron informasiya sisteminə daxil edə bilmələri və qeydiyyatdan keçirmələrinin asan şəkildə yerinə yetirilməsinə imkan verəcək.
Eyni zamanda, elektron informasiya sisteminə daxil ediləcək əmək müqaviləsi bildirişlərində işçilərin fərdi identifikasiya kodu öz əksini tapacaq. Bu isə işçilər barədə məlumatların həm əmək hüquqlarına əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan, həm də işəgötürənlər tərəfindən avtomatik rejimdə əldə edilməsinə imkan verəcək.
Elektron informasiya sisteminin işə salınması ilk növbədə işçi hüquqlarının təminatı istiqamətində mühüm addım olmaqla, əmək münasibətlərinin formal olaraq rəsmiləşdirilməsi, yəni bağlanmış əmək müqaviləsinin bir nüsxəsinin işçiyə verilməməsi və yalnız işəgötürəndə olması kimi hallara son qoyacaq.
Beləliklə, elektron informasiya sistemi işçilərin əmək hüquqlarının, eyni zamanda gələcək sosial təminat hüququnun qorunmasında vacib məlumat mənbəyi rolunu oynayacaq.
Nəticədə işçi vətəndaşlardan onların iş yerləri, əmək haqları və s. barədə arayışlar istənilməyəcək, bu barədə müvafiq məlumatları elektron informasiya sistemi vasitəsilə əldə etmək mümkün olacaq.