Türkiyədə Ebola yeni bəla ilə əvəzləndi

Bütün dünya Ebola təhlükəsini gözlədiyi zaman MERS ortaya çıxdı…

Bütün dünya Ebola təhlükəsini gözlədiyi zaman MERS ortaya çıxdı.

İzmirdə Somalidən gəlmiş türk vətəndaşında Ebola virusunun olduğu şübhəsi yaranıb.

Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, Ebola təhlükəsi Türkiyənin İzmir şəhərinə də gəlib çıxıb. Bir ay öncə Somaliyə gedib-gəlmiş 20 yaşlı tələbənin qızdırmadan şikayət etməyə başlaması hamını şübhəyə salıb. Səhər saatlarında xüsusi geyimli həkimlər tərəfindən xəstəxanaya yerləşdirilən gənc oradan karantinə alınıb. Tələbənin Ebola daşıyıcısı olub- olmadığı aparılan müayinələrdən sonra məlum olacaq.

Bundan əvvəl isə İstanbulda Ebola həyəcanı yaşanmışdı. Yüksək temperaturla xəstəxanaya yerləşdirilən qadın aparılan müayinələrdən sonra evə buraxılmışdı. 

Dünyanın Eboladan əziyyət çəkdiyi bir vaxtda Türkiyənin Qəhrəmanmaraş şəhərində yaşayan cütlükdə isə Yaxın Şərqə məxsus nəfəs sindromu kimi tanınan MERS virusu aşkarlanıb. Qızdırma şikayəti ilə xəstəxanaya müraciət edən Əli Aktaş adlı sakin və onun xanımı müayinədən sonra MERS şübhəsi ilə karantinə alınıb. Aktaşın bir neçə gün əvvəl Həcc ziyarətindən qayıtdığı məlum olub.

MERS virusu bir neçə ay əvvəl Səudiyyə Ərəbistanında onlarla şəxsin ölümünə səbəb olub. Bir neçə gün əvvəl başa çatmış Müqəddəs Həcc ziyarəti virus təhlükəsini yenidən diqqət mərkəzinə gətirib.

 

/Oxu.az/