“Ehtiyatlı olmaq lazımdır”…
“Ehtiyatlı olmaq lazımdır”.
Ölkədə elektrik enerjisi, qaz, su və digər kommunal xidmət sahələrinin özəlləşdirilməsi ilə bağlı səslənən fikirlər artıq neçə illərdir ki, gedir. Çox təəssüf ki, öz həllini tapmır. Bu kommunal xidmət sahələri olduğu üçün birbaşa olaraq vətəndaşların maraqlarına toxunan məsələdir, buna görə qanunvericilikdə hər hansı dəyişiklik etməzdən qabaq ehtiyatlı olmaq lazımdır.
Bu barədə Oxu.Az-a iqtisadçı-ekspert Oqtay Haqverdiyev bildirib.
Özəlləşdirilmənin əhəmiyyəti məsələsinə toxunan ekspert onu da əlavə edib ki, bu, sahibkarlar arasında rəqabət yaranmasına, eyni zamanda vətəndaşlara təqdim olunan tariflərin azalmasına imkan verəcək.
“Hətta qonşu Gürcüstan respublikasının özündə belə kommunal xidmət sahələrinin özəlləşdirilməsinə keçilir”.
Bu sistemə keçilməyin çətinliklərini vurğulayan ekspert düşünür ki, bunu təcrübə kimi hansısa rayonda və ya elə Sumqayıt şəhərində tətbiq etmək olar.
“Bu eksperimentdən faydalanıb bütün ölkəyə tətbiq etmək olar. Xatırladım ki, bu sistem bir vaxtlar Bakı şəhərində tətbiq olunsa da uğursuzluqla nəticələndi. Bu sistem hal-hazırda dövlətin əlindədir, problemlər çoxdur. Özəlləşəndən sonra sahibkarlar bu problemlərin həll edilməsinə nail ola biləcəklərmi? Bu sual qaranlıqdır”.
Xatırladaq ki, Azərbaycanda elektrik enerjisi, qaz, su və digər kommunal xidmət sahələri təcili özəlləşdirilməsi təklifi ilə Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Qüdrət Həsənquliyev çıxış edib.