Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda artıq onuncu ildir ki, orta ümumtəhsil məktəblərində ardıcıl olaraq uşaq hüquqları üzrə pilləli tədris proqramı həyata keçirilir.
Ölkə Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş və uğurla həyata keçirilən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.4-cü bəndində orta ixtisas və ali təhsil müəssisələrində insan hüquqlarının tədrisinin genişləndirilməsi, ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi nəzərdə tutulub.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, 2018-2019-cu tədris ilində uşaq hüquqları üzrə pilləli tədris proqramı paytaxtdakı Səbail rayonu 162, Qaradağ rayonu 139, Sabunçu rayonu 271, Nərimanov rayonu 39, Suraxanı rayonu 279, Nizami rayonu 229, Yasamal rayonu 286, Binəqədi rayonu 144, Nəsimi rayonu 19, Xətai rayonu 116, Xəzər rayonu 26, Pirallahı rayonundakı 131 saylı məktəblərdə, habelə respublikamızın regionlarında – Ağstafa, Qazax, Cəlilabad, Biləsuvar, Şəki, Qəbələ, Xızı və Siyəzən rayonlarının hərəsindən bir məktəb seçilməklə, ümumilikdə 20 məktəbdə həyata keçirilir.
Qeyd olunmalıdır ki, uşaqların iştirakı ilə gerçəkləşdirilən, müvafiq modullar əsasında tətbiq olunan tədris proqramı uşaq hüquqlarının öyrənilməsinə öz töhfəsini verməklə yanaşı, şagirdlərin bilik və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəallığının artırılması, mənəvi dəyərlərin və vətənpərvərlik hissinin, sağlam həyat tərzinin aşılanması, eləcə də müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasında mühüm rol oynayır. İnteraktiv şəkildə aparılan pilləli tədris prosesində əsas diqqət şagirdlərin uşaq hüquqları sahəsində bilik səviyyəsinin inkişaf etdirilməsinə yönəldilir.
Ombudsman təsisatında uşaqlar üçün anlaşılan tərzdə Azərbaycan dilində hazırlanmış “Uşaq Hüquqları Konvensiyası” adlı kitabça və “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” adlı dərs vəsaitindən, digər hüquqi nəşrlərdən və plakatlardan tədris prosesində istifadə edilir.
Ümumilikdə 2009-2010-cu tədris ilindən etibarən hər il keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramına Bakı şəhərinin bütün rayonlarının, ölkənin 32 şəhər və rayonunun 170-dən çox məktəbi cəlb edilib, bu prosesdə fərqlənmiş 10 mindən artıq şagird Ombudsman tərəfindən sertifikatla təltif edilib, 800-dən çox müəllim və direktor təşəkkürnamə alıb.
Trend