“Discovery Azerbaijan”ın yeni nömrəsi çapdan çıxıb

“Discovery Azerbaijan” jurnalının yeni nömrəsi çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, jurnalın yeni nömrəsində istər yerli əhalinin, istərsə də turistlərin sevimli səyahət nöqtələrindən olan Şəkinin qarlı qış günlərindən söz açılır. Milli Məclisə Şəkidən seçilən deputatı Əli Məsimlinin də doğma rayonu ilə bağlı xatirələri jurnalda yer alıb. Bundan başqa, uzaq Afrika ellərindən çəkib sosial şəbəkələrdə paylaşdığı şəkilləri ilə çoxlarının tanıdığı fotoqraf – səyyah Arif Ələkbərin qitə macəraları yeni sayda öz əksini tapıb. Jurnalda 51 il əvvəl ekranlaşdırılan, bu gün də sevilərək izlənən, nə az, nə çox düz beş mükafat alan “Uşaqlığın son gecəsi” filminin kadrarxasına da səyahət edilir. Qədimliyini, koloritini hələ də qoruyan və “qonaq” qəbul edən, “bu günün oteli” sayılan karvansaralardan kimlərin gəlib-keçdiyi də jurnalın yeni sayında araşdırılıb.

Üç dinin yarandığı, rəngarəngliyi, təzadları ilə seçilən bir şəhərə – Təl-Əvivə virtual səyahət də jurnalın yeni sayının əsas mövzularındandır. Azərbaycanı qarış-qarış gəzməkdən yorulmayan İsrailin Azərbaycandakı səfiri Dan Stavın ölkəmiz barədə fikirləri jurnalın yeni sayında işıq üzü görüb. Şaxtanı və soyuğu əyləncəyə çevirənlər üçün konkisürmə və onun tarixi, eləcə də bu maraqlı hobbi ilə məşğul olmaq istəyənləri maraqlandıran suallar bu nömrədə cavablandırılıb.

Doqquz ilin maşinisti Səmimi İsrafilovun “yer altına” virtual səyahəti ilə jurnalın yeni nömrəsində tanış olmaq olar.

AZƏRTAC