Sentyabrın 26-da Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) təşkilatçılığı ilə Bakıda investisiyalara həsr edilmiş konfrans keçiriləcək.
“Report”un məlumatına görə, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə keçiriləcək “Təsirli investisiyalar: institusional investorlar üçün imkanlar və çağırışlar” (Impact Investing: Opportunities and Challenges for institutional investors) adlanan konfransda investisiya mühiti, investorlar qarşısında duran çağırışlar və sərmayə qoyuluşuna təsirlər müzakirə ediləcək.
Konfransın məqsədi təkcə investorlar üçün deyil, həm də bütün cəmiyyət və bütövlükdə iqtisadiyyat üçün nəticələri olan investisiyalar yolu ilə qlobal trayektoriyanı dəyişdirmək üçün kapitalın dəyişdirici gücünü öyrənilməsidir. Son onilliklər ərzində təsirli investisiyalar – maliyyə ilə yanaşı sosial və ya ətraf mühit sahələrinə təsir etmək məqsədi ilə şirkətlərə, təşkilatlara və fondlara investisiya qoyuluşuna yönəlmiş bir yanaşma ilə maliyyə sektorunda maraq və populyarlıq qazanıb. Təsirli İnvestisiya Fondların sayı artır və onların rekordları müsbət maliyyə nəticələrinin və sosial təsirlərin ilkin sübutlarını göstərməkdədir.
Ümumilikdə 6 sessiyadan ibarət olacaq konfransın sessiyalardan birinə IFC-nin vitse-prezidenti Hans Piter Lankes (Hans Peter Lankes) moderatorluq edəcək.
Sessiyalardan ikisinə BMT-nin ekspertləri, digərinə isə Dünya İqtisadi Forumunun (World Economic Forum – WEF) uzunmüddətli investisiya təşəbbüsləri üzrə praktik lideri Adam Robins (Adam Robbins) moderatorluq edəcək.
Report