“Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 3 minə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirilib. Forum Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Azərbaycanda könüllülük hərəkatının inkişaf mərhələlərini əks etdirən videoçarx nümayiş olunub.
Forum çərçivəsində ölkədə fəaliyyət göstərən bütün könüllü hərəkatlarının və gənclər təşkilatlarının sərgisi təşkil olunub. Tədbirdə “Miqrasiya Könüllüsü” İctimai Birliyinin də stendi quraşdırılıb, Miqrasiya Könüllüləri haqqında tədbir iştirakçılarına məlumat verilib.
Tədbirdə çıxış edənlər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə gənclər siyasəti sahəsində, xüsusilə könüllülük hərəkatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyətini diqqətə çatdırıb, müxtəlif dövlət qurumlarında könüllülər hərəkatının genişləndirilməsinin önəmini vurğulayıblar.
Bildirilib ki, “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində könüllülər tərəfindən 17 şəhər və rayonda 147 şəhid ailəsi ziyarət edilib, 7 şəhər və rayonda 19 uşaq evi, internat məktəbləri və ahıllar evində sosial işlər təşkil olunub, 10 şəhər və rayonda kütləvi ekoloji aksiyalar keçirilib. Ümumilikdə, tədbirlərdə 10 mindən çox gənc könüllü iştirak edib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai könüllülərin xeyirxah missiya həyata keçirdiyini və onların fəaliyyətindən məmnunluğunu ifadə edib. Sonra o, BMT Baş katibinin Beynəlxalq Könüllülər Günü münasibətilə müraciətini oxuyub.
Forumda könüllülər təşkilatları və hərəkatlarının təmsilçilərinin “TEDX” formatında çıxışları dinlənilib və il ərzində fəallıq nümayiş etdirmiş könüllülər mükafatlandırılıblar. İlin ən fəal Miqrasiya Könüllüsü nominasiyasi üzrə Fərid Quluzadə təltif edilib.
Qeyd edək ki, Azərbaycan Könüllülük Həftəsi çərçivəsində “ASAN Könüllüləri” Təşkilatı ilə “Miqrasiya Könüllüsü” İctimai Birliyi arasında Anlaşma Memorandumu da imzalanıb. Memorandumu “ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarova və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri Emil Gülmuradov imzalayıblar. Memorandum təşkilatlar arasında əməkdaşlıq münasibətlərini təmin etməklə yanaşı, Azərbaycan gənclərinin yerli və beynəlxalq könüllülük proqramlarına, təlimlərə, layihələrə və müvafiq tədbirlərə qatılmasına imkan verəcək.
Dövlət Miqrasiya Xidməti