Brüsseldə keçirilən iclasda “Böyük qayıdış” proqramı haqqında məlumat verilib

Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı (Aİ) – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt komitənin 8-ci iclası keçirilib.

İclasda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Hüquq sektorunun müdiri Ziya Məmmədov təmsil edib. O, “Miqrasiya, sığınacaq və sərhəd idarəçiliyi” mövzusunda keçirilən müzakirələrdə daxili yerdəyişmə məsələləri barədə çıxış edib.

Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Z.Məmmədov beynəlxalq təcrübəyə, habelə dövlət orqanlarından və beynəlxalq təşkilatlardan alınan təkliflərə əsaslanaraq, könüllü qayıdış prinsipi əsasında hazırlanmış “Böyük qayıdış” proqramı haqqında məlumat verib. O deyib: “Əminik ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qayıdış proqramı tam icra ediləcək və məcburi köçkünlər beynəlxalq hüquqda təsbit olunduğu kimi, könüllü surətdə və ləyaqətlə öz torpaqlarına qayıtmaq hüquqlarından istifadə edəcəklər”.

Komitənin rəsmisi Cocuq Mərcanlı kəndinin münaqişə sonrası reabilitasiya və regionda davamlı sülhün təmin edilməsinin nadir modeli olduğunu vurğulayıb.

İclas iştirakçıları “Böyük qayıdış” proqramını yüksək qiymətləndiriblər.

AZƏRTAC