ABŞ-da Zəngilan rayonunun işğalı haqqında məlumatlandırma kampaniyası aparılır

ABŞ Azərbaycanlıları Şəbəkəsi Azərbaycanın Zəngilan rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar Amerika ictimaiyyətini məlumatlandırma kampaniyasına başlayıb.

Prezident Donald Tramp, dövlət katibi Maykl Pampeo, ABŞ Konqresinin üzvləri, ştatların qanunvericiləri və administrasiyaları, habelə ABŞ KİV-lərinə ünvanlanan müraciətdə qeyd olunur ki, Zəngilan rayonuna hərbi təcavüz nəticəsində 83 yaşayış məskəni işğal edilib, 35 mindən çox azərbaycanlı doğma yurdundan didərgin düşüb.

Bununla bağlı 1993-cü il noyabrın 12-də BMT Təhlükəsizlik Şurası erməni təcavüzünü pisləyən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən 884 nömrəli qətnamə qəbul edib. Müraciətdə, həmçinin deyilir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini (822, 853, 874, 844), BMT Baş Assambleyasının 62-243 nömrəli qətnaməsini və Avropa Şurası Parlament Assambleyasının erməni təcavüzünü pisləyən 1416 nömrəli qətnaməsini hələ də yerinə yetirmir. Bundan əlavə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində xaricdən gəlmiş etnik erməniləri məskunlaşdırmağa davam edir, bununla da beynəlxalq hüququ pozur.

Müraciətdə, həmçinin Azərbaycan rayonlarının işğalı və ölkəmizdə məcburi köçkünlərə dair statistik məlumatlar əksini tapıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton