Ağdam rayonunun təmas xəttinə yaxın olan yaşayış məntəqələrində erməni silahlı birləşmələrinin iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə məruz qoyması nəticəsində zərər dəymiş 121 evin bərpası davam etdirilir. Bərpa işləri Prezident İlham Əliyevin “Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2018-ci il 5 noyabr tarixli Sərəncamına əsasən aparılır.
Rayon icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Abduləli Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bərpa ediləcək evlərin 23-ü Çəmənli, 11-i Qaradağlı, 9-u Mahrızlı, 9-u Sarıcalı, 7-si Hacıməmmədli, 7-si Məmmədbağırlı, 7-si Orta Qərvənd, 7-si Təzəkənd, 6-sı Evoğlu, 6-sı İsalar, 5-i Ayaq Qərvənd, 5-i Əfətli, 4-ü Çıraxlı, 4-ü Rzalar, 3-ü Əhmədağalı, 3-ü Mirəşülli, 3-ü Zəngişalı, 1-i Kolqışlaq, 1-i Şükürağalı kəndlərindədir. Artıq 45 evin dam örtüyü dəyişdirilib. Hazırda həmin evlərin daxilində malyar işləri aparılır. Evlərin döşəmə, tavan, qapı və pəncərələri də dəyişdirilir. 20 evdə dam örtüyünün vurulması üçün beton işləri görülür. Bərpa işlərinə 400-dən çox yerli sakin cəlb edilib. Bu işlərin aprel ayında başa çatdırılması nəzərdə tutulur.
Təmas xəttinə yaxın olan yaşayış məntəqələrində zərər dəymiş evlərin dövlətimizin başçısının Sərəncamına əsasən bərpa edilməsi cəbhəyanı kəndlərin sakinləri tərəfindən böyük razılıqla qarşılanıb. Evoğlu kənd sakini Dilbazi Cəfərova evlərinin bərpa olunmasına görə sevincini belə ifadə edib: “Evimiz qəzalı vəziyyətdə idi. Dam örtüyü sıradan çıxdığı üçün yağış yağanda su damırdı. Buna görə çox çətinlik çəkirdik. Sağ olsun Prezidentimiz. Evimiz yüksək keyfiyyətlə bərpa edilir. Artıq evin damı, döşəmə, tavan, qapı və pəncərələr dəyişdirilib. Hazırda otaqlarda təmir işləri aparılır. Tezliklə rahat, təmirli mənzildə yaşayacağıq”.
Qaradağlı kənd sakini Əvəz Əliyev isə deyib: “Dövlətimizin qayğısını hər zaman hiss etmişik. Kəndimiz təmas xəttində yerləşməsinə baxmayaraq qaz, elektrik, su və rabitə ilə təmin olunub. Yollarımız yenidən qurulub. Prezidentimizə, ordumuza güvənərək doğma kəndimizdə yaşayır, təsərrüfat işləri ilə məşğul oluruq. 2016-cı ilin Aprel döyüşləri zamanı ermənilərin artilleriya atəşi nəticəsində dağılan evlər Prezidentin Sərəncamı ilə bərpa edildi. Bu gün isə zərər çəkmiş digər evlərin növbəti Sərəncamla bərpasına başlanılıb. Bütün bunlar dövlətimizin başçısının bizə göstərdiyi diqqət və qayğısının təcəssümüdür”.
Qeyd edək ki, Sərəncama əsasən Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 121 fərdi yaşayış evinin bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Azərtac