Akademik İradə Hüseynova UNESCO-nun koronavirus pandemiyası ilə bağlı virtual dialoqunda iştirak edib

UNESCO-nun baş qərargahında bu qurumun Təbiət Elmləri Sektorunun təşkilatçılığı ilə 120-dən çox üzv ölkənin 200-dən artıq səhiyyə, elm və təhsil nazirinin iştirakı ilə koronovirusa (COVID-19) həsr edilmiş “Açıq elm” beynəlxalq elmi əməkdaşlıq üzrə virtual görüş keçirilib. İlk dəfə belə format və miqyasda keçirilən onlayn dialoqda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İradə Hüseynova təmsil edib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi dünyanın elmi dairələri arasında dialoq və təcrübə mübadiləsi üçün platformanın təmin edilməsi olub. Bildirilib ki, bu problemin həlli bütün dünya ölkələrinin iştirakını tələb edir.

Görüşdə UNESCO-nun baş direktoru Odre Azule COVID-19 pandemiyasının dünyada yayılması, bütün ölkələrin bu virusa qarşı birgə mübarizəsi və qarşıda duran mühüm məsələlər barədə məlumat verib.

Baş direktorun təbiət elmləri üzrə köməkçisi Şamila Nair-Bedouelle COVID-19 pandemiyası ilə əlaqədar qlobal reaksiyalar zamanı elmin oynadığı vacib rolu xatırladıb. Bildirib ki, müxtəlif ölkələrin hökumətləri xalqlarını qorumaq, virusun yayılmasının qarşısını almaq və pandemiya ilə mübarizə aparmaq üçün elmi dairələri hərəkətə keçməyə çağırır.

Onlayn dialoqda iştirak edən nazirlər öz ölkələrində mövcud vəziyyət, aparılan müzakirələr və görülən işlər, gələcəkdə bu istiqamətdə atılacaq addımlar barədə qısa məlumat veriblər.

Tədbirdə, həmçinin pandemiyanın yayılmasının qarşısının alınması, yoluxmuş insanların yoxlanılması, xəstəliyin diaqnostikası və xəstələrin müalicəsi üzrə əldə olunmuş nailiyyətlərin Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə bütün ölkələrə bildirilməsi, inkişaf etməkdə olan, xüsusilə Afrika ölkələrinə yardım göstərilməsi, eləcə də COVID-19 virusunun öyrənilməsi, ona qarşı dərman vasitələri və vaksinlərin hazırlanması istiqamətində birgə əməkdaşlığın aparılması üzrə tövsiyələr verilib.

AZƏRTAC