Almaniyanın xarici işlər naziri Azərbaycana gəlir

Ştaynmayer İlham Əliyevlə görüşəcək…

Ştaynmayer İlham Əliyevlə görüşəcək.

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer oktyabrın 22-də Qafqaz üzrə kiçik turneyə çıxacaq və səfəri çərçivəsində Bakı və İrəvanda olacaq.

Oxu.Az xəbər verir ki, Almaniya XİN-nin yaydığı bəyanatda bu səfərin Avropa İttifaqının Ukraynadakı böhran fonunda “Şərq tərəfdaşlığı”na daxil digər ölkələrin problemlərini diqqətdən qaçırmadığını göstərməli olduğu deyilir.

Frans-Press Agentliyinin (AFP) məlumatına görə, oktyabrın 23-də Ştanmayer Bakıda olacaq və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Daha sonra Almaniyanın XİN rəhbərinin İrəvanda erməni prezident Serj Sarqsyanla görüşü planlaşdırılır. Frank-Valter Ştanmayer dövlət başçıları ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində hadisələrin inkişafını müzakirə etmək niyyətindədir.

Səfər barədə Azərbaycan XİN də məlumat yayıb.

XİN-in mətbuat xidmətindən Oxu.Az-a daxil olan məlumatda bildirilir ki, 22-23 oktyabr tarixilərində Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer Azərbaycanda rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində Ştanmayerin Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov ilə görüşü nəzərdə tutulur.

Görüşdən sonra xarici işlər nazirləri birgə mətbuat konfransı keçirəcəklər.

www.oxu.az