Diaspor Jurnalistləri Birliyi (DJB) Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində silsilə tədbirlərinə start verib…
Diaspor Jurnalistləri Birliyi (DJB) Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində silsilə tədbirlərinə start verib.
DJB-dən Publika.Az –a verilən məlumata görə, ilk olaraq DJB tərəfindən Bakıda “Xocalı soyqırımının dünyada təbliğ olunmasının yeni formaları” mövzusunda dəyirmi masa keçirilib.
DJB-ın məqsəd və məramları haqda məlumat verərək perspektiv planlardan danışan Fuad Hüseynzadə bildirib ki, Azərbaycan həqiqətlərinin təbliğində hədəflərə çatmaq üçün fərqli layihələr həyata keçirəcəklər: “Öz təbliğati işimizdə yeni formalara üstünlük verəcəyik. Çalışmalıyıq ki, faciələrimizi özümüzün yox, başqalarının dili ilə dünya ictimaiyyətinə çatdıraq. Belə olduqda təbliğat daha böyük effekt vermiş olar”.
“Azərbaycan–İsrail” Beynəlxalq Assosiasiyasının (Azİz) idarə heyətinin üzvü, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qutsa bildirib ki, səsimizin xaricdə eşidilməsində ən ağır yük diaspor və xaricdəki diplomatik nümayəndəliklərimizin üzərinə düşür: “Bu işdə bizə Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondu tərəfindən böyük dəstək göstərilir. Biz 2013-cü ili İsraildə “Xocalı ili” elan etmişdik. Bu il ərzində İsrailin 12 böyük şəhərində Xocalı ilə bağlı fotosərgi, eyni zamanda təqdimatlar etdik. Yəni, adi israilliyə deyil, daha çox siyasi və akademik elitaya gücümüzü vermişdik. Bizim əsas hədəfimiz bu elitar təbəqələr, həmçinin KİV-lə işləməkdir. Nə qədər bu əlaqələr varsa, o qədər də uğur əldə etmək olur”.
A. Qut İsrailin siyasi elitasının rəyinə təsir edən 3 əsas qəzet və 2 əsas televiziya kanalı ilə əməkdaşlıq etdiklərini vurğulayıb: “Həmçinin radioda da çıxışlar edirik. Biz, ümumiyyətlə, təkcə Xocalı soyqırımını deyil, Azərbaycanın bütün əlamətdar günlərini qeyd edirik”. Onun fikrincə, Xocalı soyqırımı ilə bağlı məqalə və kitablar əsasən xarici dillərdə olmalıdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov qeyd edib ki, bir neçə qəzet nümayəndəsinin DJB-ı yaratması çox gözəl bir təşəbbüsdür. “Demək olar ki, diasporun təbliğatı nəinki ölkədən kənarda, hətta ölkə daxilində də effektli olacaq ”, deyə o əlavə edib. Ə. Şeydabəyov fikrini Diasporla İş üzrə Dövlət Komitəsinin Xocalı soyqırımı ilə bağlı gördüyü işlər haqda danışmaqla davam etdirib: “Xocalı soyqırımının xaricdə qeyd olunması Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusi diqqətindədir. Bu il də dünyanın bir çox ölkəsində diaspor təşkilatlarımız tərəfindən müxtəlif tədbirlər keçiriləcək”. Onun sözlərinə görə, Xocalı soyqırımının təbliğatı sadəcə fevral ayında deyil, ilin 12 ayı davam etdirilməlidir: “Bosniyada Serebrenitsa soyqırımını törədənlər beynəlxalq məhkəməyə verilib, cəzalandırılıb. Bununla bağlı beynəlxalq ictimaiyyətə Xocalı soyqırımını törədənləri tanıdaraq, onları ifşa etmək məhz jurnalistlərin də üzərində düşür. Həmçinin xarici KİV-lərdə dayanmadan, çevik kampaniyalar keçirilməlidir. Eyni zamanda, biz də fəallıq göstərib Xocalı soyqırımını törədənləri zamanla beynəlxalq məhkəməyə verməliyik”.
DİDK rəsmisi təklif edib ki, xarici, ən azından bizə dost olan ölkələrin universitetlərinin dərsliklərində Xocalı faciəsi ilə bağlı məlumatlar verilsin: “Yaxşı olardı ki, bizim jurnalistlər bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsinlər. Həmçinin qondarma erməni soyqırımını tanıyan ölkələrə müraciət edib bunu qəbul etməkdə səhv olduğunu bildirməliyik. Bunu üçüncü ölkənin jurnalistlərinin etməsi daha məqsədəuyğundur”.
Vətənpərvər Gənclər Klubunun idarə heyətinin üzvü Vüqar Nuriyev dəyirmi masaya toplaşanların vətənpərvərlik nümunəsi sərgilədiklərini bildirib: “Bu təşəbbüslərin davamlı olmasını gözləyirik. Bu müzakirələrə siyasi və akademik elita ilə bərabər, ictimaiyyətin ən sıravi nümayəndələrini də cəlb etmək lazımdır”.
V. Nuriyevin fikrincə, təbliğatdan daha güclü ideologiya olmadır: “Təbliğat böyük mexanizmdir. Amma ideoloji hədəflər təyin olunanda təbliğat daha təsirli olur. Bu baxımdan ideoloji təbliğatın yaradılması vacib şərtdir. Bu da əsasən təhsil müəssisələrindən başlanmalıdır”.
Dağ Yəhudiləri İcmasının mətbuat xidmətinin rəhbəri Murad Salmanov isə Amerika və Avropa ölkələrində Xocalı ilə bağlı keçirdikləri layihələrdən danışıb: “Bizim təşkilata xaricdən çoxlu qonaqlar gəlir. Biz onlara Qarabağ müharibəsi şəhidləri, Xocalı faciəsi haqda da məlumatlar veririk”.
M. Salmanov Afrika, Latın Amerikası, Şərqi Asiya ölkələrində də Azərbaycan həqiqətlərinin təbliğatının vacibliyini vurğulayıb.
“Vahid Millət” Dövlətçiliyə Dəstək İctimai Birliyinin departament müdiri Babək Cəfərov isə Xocalı soyqırımının müxtəlif ölkələrin parlamentlərində tanıdılması prosesinin aktivləşdirilməsini qeyd edib.DJB-ın idarə heyətinin üzvü, jurnalist Siyavuş Əmirli isə xaricdəki diaspor təşkilatlarımızın ofislərində Xocalı ilə bağlı soyqırımı muzeylərinin yaradılması təklifi ilə çıxış edib.
Tədbirdə iştirak edən DJB-ın idarə heyətinin üzvü, ictimai fəal Lalə Məmmədəliyeva, Almaniyada hüquqşünas kimi fəaliyyət göstərən Orxan Tağıyev və digərləri çıxış edərək DJB-ın fəaliyyəti və Xocalı soyqırımı ilə bağlı fikir və təkliflərini bildiriblər.
/Publika.az/