Arzu Rəhimov: Ermənistan və onların havadarları birmənalı olaraq bilməlidirlər ki, gec-tez Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək

Ermənistan və onların havadarları birmənalı olaraq bilməlidirlər ki, gec-tez Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək…

Ermənistan və onların havadarları birmənalı olaraq bilməlidirlər ki, gec-tez Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Trend-in məlumatına görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bu gün Bakıda Sovet Qoşunlarının Əfqanıstandan çıxaırlmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdır! ” devizi altında keçirilən tədbirdə bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanın həll edilməyən bir əsas problemi var. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemidir: “Azərbaycan torpaqlarının bir hissəsi təcavüzkar Ermənistan tərəfindən işğal olunub. Bu müharibədə minlərlə soydaşımızı itirmişik. Lakin dünya hələ də susur. Qəbul edilmiş beynəlxalq qərarlar icra olunmur. Ermənistan məkrli siyasətindən, iddialarından əl çəkmir. Ancaq birmənalı olaraq Ermənistan və onların havadarları bilməlidirlər ki, gec-tez Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci bir erməni dövlətinin yaranmasına rəvac verməyəcək. Torpaqlarımızı işğaldan azad etməyə həm iqtisadi, həm də hərbi gücümüz yetərincədir “.

 

Lakin Xidmət rəisinin fikrincə, Azərbaycan bu problemin beynəlxalq müstəvidə, beynəlxalq hüquq əsasında həllini zəruri hesab edir.

 

O, qeyd edib ki, bir neçə gündən sonra, fevralın 26-da ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırım aktı törədilməsinin 22-ci ildönümü qeyd ediləcək: “Bu faciə təkcə azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı törədilmiş terror aktıdır. Təəssüf ki, Xocalı soyqırımının ideya müəllifləri, əlləri günahsız insanların, qadınların, qocaların, uşaqların qanlarına bulaşmış cinayətkarlar hələ də müttəhim kürsüsündə əyləşməyiblər. Ancaq biz haqqın, ədalətin qələbə çalacağına inanırıq “.

 

A.Rəhimov iftixar hissi ilə qeyd edib ki, digər müharibə veteranları kimi Azərbaycanın Əfqanıstan müharibəsi veteranları da qəhrəmanlıq nümunələri üçün örnəkdir: “Mən əminəm ki, Əfqanıstan müharibəsinin veteranları hər an torpaqılarımızın azad edilməsinə hazırdır. Ancaq biz sülhü, dostluğu, qardaşlığı, mehriban qonşuluğu, əmin-amanlığı hər şeydən üstün tuturuq “.

/Trend/