Asim Mollazadə: “Təəssüf ki, Kerri və Davudoğlu Qarabağ münaqişəsini müzakirə etməyiblər”

Təəssüf ki, Türkiyə və ABŞ xarici işlər nazirlərinin Parisdə keçirilən görüşü zamanı Ermənistan-Azərbaycan münaqişəsinə toxunulmadı…

Təəssüf ki, Türkiyə və ABŞ xarici işlər nazirlərinin Parisdə keçirilən görüşü zamanı Ermənistan-Azərbaycan münaqişəsinə toxunulmadı.

 

Baxmayaraq ki, Dağlıq Qarabağ münaqişəsi aktuallıq kəsb edir və regiondakı təhlükəsizlik üçün təhdiddir.

 

Gün.Az xəbər verir ki, bu barədə 1news-a Milli Məclisin üzvü Asim Mollazadə bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi sabitliyi pozan çox ciddi faktordur:

 

“Təəssüf ki, ATƏT-in Minsk qrupunun üzvləri olan Türkiyə və ABŞ-ın XİN rəhbərləri Əhməd Davudoğlu və Con Kerri Qarabağ mövzusunu müzakirə etməyə vaxt ayırmayıblar”.

 

A.Mollazadə həmçinin bu yaxınlarda Gümrüdə Ermənistan və Türkiyə sərhədçilərinin görüşünə də münasibət bildirib.

 

Onun sözlərinə görə, Ermənistan və Türkiyə sərhədçilərinin qeyri-rəsmi görüşündə hansısa xüsusi hal yoxdur:

 

“Xüsusilə onu qeyd etmək lazımdır ki, Ermənistan sərhədləri erməni deyil, rusiyalı sərhədçilər tərəfindən qorunur. Fakt odur ki, Ermənistan müstəqil dövlət deyil”.

 

Millət vəkili xatırladıb ki, Gümrüdə Rusiyanın xaricdə olan ən böyük hərbi bazası yerləşir.

 

A.Mollazadə deyib ki, rəsmi Bakı ümumilikdə regionun bütün dövlətləri arasında əlaqələrin normallaşmasının tərəfdarıdır:

 

“Amma xatırlatmaq istəyirəm ki, rəsmi Ankaranın Ermənistanla sərhədləri bağlaması BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin qeyd-şərtsiz Azərbaycan ərazilərini tərk etməsinə dair qətnamələrin qəbulundan sonra baş verdi. Bu sərhədlərin açılmasına gətirib çıxara bilən hər hansı zəmin yaranmayıb. Bu barədə türkiyəli siyasətçilər də dəfələrlə bildiriblər”.

 

Qeyd edək ki, Davudoğlu və Kerri arasında Parisdə görüş “Suriyanın Dostları” qrupunun iclası çərçivəsində baş tutub. Görüşdə ikitərəfli əməkdaşlıq, İran, Suriya məsələləri müzakirə olunub. Türk mediasının məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinə toxunulmayıb.

/Gun.az/