ATƏT MQ həmsədrlərinin mövqeləri 2013-cü ildə sinusoid üzrə dəyişdi

ATƏT MQ həmsədrlərinin mövqeləri 2013-cü ildə sinusoid üzrə dəyişdi. Rusiya ilin əvvəlində Dağlıq Qarabağ tənzimləməsi üzrə 2007-2009-cu illərin variantları arasında ortaq variant yaratmaqla məşğul idi…

ATƏT MQ həmsədrlərinin mövqeləri 2013-cü ildə sinusoid üzrə dəyişdi. Rusiya ilin əvvəlində Dağlıq Qarabağ tənzimləməsi üzrə 2007-2009-cu illərin variantları arasında ortaq variant yaratmaqla məşğul idi. Az sonra ermənilərə Azərbaycan ərazilərindən qoşunları çıxarmağı, Azərbaycana isə kommunikasiyanı açmağı təklif etdi. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

Politoloq qeyd edib ki, noyabr ayında Rusiya Ermənistana Dağlıq Qarabağ tənzimlənməsi sahəsində fəaliyyəti dayandırıb Gömrük İttifaqı istiqamətinə qoşulmaqla bağlı səyləri gücləndirməyi təklif etdi: “Dekabrda isə ATƏT-in Minsk qrupu həmsədr ölkə prezidentlərinin 2009-cu ildə ortalığa qoyduğu variantı imzalamaq üçün məqbul variant adlandırdı. ABŞ Qarabağ tənzimlənməsində sənədi imzalayacağı təqdirdə Ermənistandakı prezident seçkilərinin demokratikliyini tanımaqla bağlı S.Sarkisyanla sövdələşməyə getdi. Daha sonra Serj Sarkisyan ABŞ-ı aldatdı “.

 

M.Əhmədoğlunun sözlərinə görə, ABŞ Azərbaycandan silahlanmaya ayırdığı pulu, o cümlədən Ermənistanın inkişafına xərcləməyi təklif etdi: “Bununla da o Ermənistanın mövqeyini dəstəklədi. Amma bu, Azərbaycana da faydalı idi. Ermənistan ABŞ-ı yenə aldatdı. ABŞ yenə Ermənistana dəstək variantları axtardı. ABŞ Dövlət Departamenti Dağlıq Qarabağı müstəqil tərəf kimi göstərən 3 bəyanat verib sonradan bu bəyanatlarını təkzib etdi “.

 

Politoloq vurğulayıb ki, ABŞ-ın yeni həmsədri Ceyms Uorlik Əfqanıstanın narkoplantasiya mühitindən çıxa bilməyən şoumenə daha çox oxşayır.

 

Onun fikrincə, Fransa ilin birinci yarısında Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın mövqeyinin dəyişməsinə inanırdı, sonradan aktivliyini azaltdı: “Aİ və həmsədrlər Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasındakı dialoqu aktuallaşdırdılar. Region dövlətləri Dağlıq Qarabağ tənzimlənməsinə öz maraqları prizmasından yanaşdılar. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi fonunda Ermənistana regional kommunikasiyaları açması ilə bağlı təklifləri ATƏT-in Minsk qrupu tərəfindən qəbul edilmədi “.

 

Politoloq əlavə edib ki, Azərbaycan İranın vasitəçilik təklifini qəbul etsə də, Ermənistan bu təşəbbüsü rədd etdi: “İran Ermənistan tərəfinin marağını əsas götürərək vasitəçilik təşəbbüsündə mövqeyini ermənilərin xeyrinə dəyişdi: guya vasitəçilik etməsi üçün həm Ermənistan, həm də Azərbaycan tərəfi İrandan xahiş etməlidirlər “.

 

Politoloq qeyd edib ki, İranda Xocalı soyqırımının ildönümü qeyd olunmadı. Azərbaycan Respublikasının Milli Məclisi İran parlamentinə rəsmi müraciət etsə də, İran parlamenti bu müraciəti cavabsız qoydu: “İranın Dağlıq Qarabağla birbaşa əməkdaşlığı məsələsi gündəliyə gətirildi. Dağlıq Qarabağ tənzimlənməsinə münasibətdə Gürcüstan neytral siyasət aparmışdır. Onun bu siyasəti Ermənistanın xeyrinə, Azərbaycanın ziyanınadır. Üçdövlətli regionda iki mübahisə edən qonşudan kimin haqlı olduğunu üçüncü qonşu vasitəsilə müəyyənləşdirirlər “.

 

Politoloq əlavə edib ki, Gürcüstanın Baş naziri Bidzina İvanişvili Azərbaycanla Ermənistanı barışdırmağa cəhdlər etməsi ilə bağlı məlumat verdi: “ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara üçüncü cəhddə Ermənistana səfər edə bildi “. /Trend/