Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Seçki Qərərgahı (AVCIYA) 14 fevral 2019-cu il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Bələdiyyə seçkiləriylə bağlı Fəaliyyət Proqramının təqdimatı keçirib.
Assosiasiya Fəaliyyət Proqramı əsasında 23 dekabr 2019-cu il tarixli keçiriləcək bələdiyyə seçkilərinin azad, ədalətli, demokratik keçirilməsinə yardım göstərilməsi, seçkilərin AR Seçki Məcəlləsinin tələblərinə, Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə və demokratik seçkilər sahəsində beynəlxalq standartlara uyğunluğunu qiymətləndirməsi məqsədilə seçkilərin uzunmüddətli müşahidəsini həyata keçirir.
Bununla əlaqədar bu gün ictimaiyyətə Aralıq Hesabat təqdim olunur. Aralıq Hesabat 14 fevral-13 dekabr 2019-cu ilə aid dövrü əhatə edir. Aralıq Hesabatda Seçkiqabağı siyasi mühit, Söz və mətbuat azadlığı, AVCİYA tərəfindən aparılan KİV-in monitorinqinin nəticələri, Sərbəst toplaşmaq azadlığı, Namizədlərin irəli sürülməsi, qeydə alınması, Seçici siyahıları, Seçki administrasiyasının fəaliyyəti, Təbliğat və təşviqat kampaniyası və AVCİYA haqqında geniş məlumat öz əksini tapıb. Assosiasiya 03 oktyabr 2019-cu il tarixdə KİV nümayəndələrinin iştirakı ilə “Bələdiyyə seçkiləri: Yerli və beynəlxalq təcrübə” adlı tədbir həyata keçirib. AVCİYA 15 noyabr 2019-cu il tarixdə təsdiq edilmiş qrafikə uyğun olaraq regionlarda bələdiyyə seçkiləri ilə bağlı maarifçilik tədbirlərinə başlayıb.
Bu günə qədər 15 regionda seminarlar keçirilib. Yerli və beynəlxalq təşkilatların Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı müxtəlif dövrlərdə irəli sürdükləri təklif və tövsiyələri AVCİYA ekspertləri təhlil edərək Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı öz təklifləri irəli sürmüşlər. AVCİYA belə hesab edir ki, seçkilər ərəfəsində və seçkilər elan olunduqdan sonra sərbəst toplaşmaq azadlığı, söz və mətbuat azadlığı sahəsində hər hansı problemlər müşahidə edilməyib. KİV-in və jurnalistlərin fəaliyyətinə hər hansı müdaxilə və təzyiq faktları qeydə alınmayıb. Vətəndaş cəmiyyəti institutlarının seçki maarifçiliyi, seçkilərin monitorinqi və müşahidəsinə hazırlıq fəaliyyətlərinə, paytaxt və regionlarda seçicilərlə görüşlərinə və tədbirlərin təşkilinə hər hansı müdaxilə və əngəllər müşahidə edilməyib. Bələdiyyələrə namizədlərin irəli sürülməsi və imzatoplama kampaniyası Seçki Məcəlləsinin tələblərinə uğyun şəkildə həyata keçirilib və kənar müdaxilələr qeydə alınmayıb.
AVCİYA hesab edir ki, 23 dekabr seçkiləri ərəfəsində ölkədəki sabitlik, ictimai-siyasi mühit, mövcud qanunvericilik, söz və mətbuat azadlığı sahəsində vəziyyət şəfaf, demokratik və beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsinə əlverişli şərait yaradır.
AVCIYA Seçki Qərargahı