AVCİYA prezident seçkiləri ilə bağlı apardığı yekun hesabatı oktyabrın 18-də açıqlayacaq

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 9 oktyabr Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

Xəbərə görə, AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bəyanatda assosiasiya tərəfindən prezident seçkilərinin daha demokratik və şəffaf keçirilməsi, seçki praktikasının təkmilləşdirilməsinə yaxından kömək məqsədilə 118 dairə seçki komissiyasının 4813 seçki məntəqəsində seçkilərin müşahidə edildiyi qeyd olunub: “Bu işin təşkili prosesində regionlarda AVCİYA təlimçilərinin iştirakı ilə 95 seminar keçirilib, assosiasiyanın seçki qərargahının üzvləri seçki ərəfəsində Avropa Şurası və ATƏT-in Bakı Ofisi ilə əməkdaşlıq edib, Avropa Şurası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq müşahidə missiyaları ilə Bakıda və regionlarda 6 görüş keçirilib, geniş fikir mübadilələri aparılıb. Assosiasiya seçki günü saat 21:00-da seçkilərin nəticələri ilə bağlı ilkin məlumatı ictimaiyyətə açıqlayıb. Oktyabrın 18-də isə yekun hesabat ictimaiyyətə təqdim olunacaq. Seçki günü ölkə üzrə bəzi ərazilərdə təşviqat materialların tam çıxarılmaması, bəzi məntəqələrdə seçicilərin barmağına mürəkkəb vurulması, müşahidəçilər üçün yerlərin ayrılması, onların qeydiyyatdan keçməsi, səyyar qutularda səsvermə prosesində bəzi problemlər müşahidə olunub. Bundan başqa, bəzi məntəqələrdə səslərin sayılması prosesində müşahidəçilərin yaxın məsafədən müşahidə aparmasına komissiya üzvləri tərəfindən icazə verilməyib, seçkilərin nəticələrinə aid protokolun surətinin müşahidəçilərə verilməməsinə cəhdlər olub. AVCİYA hüquqşünasları bu faktları toplayaraq tədbir görülməsi üçün aidiyyəti qurumlara müraciət edəcəklər. Lakin qeydə alınmış bu qanun pozuntuları çox az sayda məntəqələri əhatə edib və buna görə də seçkinin nəticələrinə təsir etmək gücündə olmayıb”.

 M.Zülfüqarlı qeyd edib ki, AVCİYA 9 oktyabrda keçirilmiş prezident seçkilərini beynəlxalq standartlara uyğun olaraq şəffaf və ədalətli keçdiyini, seçki mühitinin əvvəlki illərlə müqayisədə daha stabil, konstruktiv və demokratik olduğunu vurğulayır, bu seçkilərin Azərbaycan xalqının gələcək həyatında, dövlətçiliyinin inkişafında, vətəndaş cəmiyyəti quruculuğunda mühüm mərhələ olduğunu bəyan edir./apa/