APA-nın məlumatına görə, bunu keçirilən mətbuat konfransında AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov deyib. O bildirib ki, bu məqsədlə AVCİYA Mərkəzi Seçki Komissiyasına (MSK) müraciətlər, imzatoplama kampaniyası və qeydə alınma proseduru, seçici siyahıları, seçki prosesi ilə bağlı qanun pozuntuları, seçki şikayətləri, qanunvericilik bazası, seçki ərəfəsində ölkədə ictimai-siyasi vəziyyət, MSK, dairə seçki komissiyaları və məntəqə seçki komissiyalarının fəaliyyəti, KİV-in monitorinqi, təşviqat kampaniyası və seçki gününün monitorinqinin təşkili kimi genişmiqyaslı fəaliyyətə start verib. Bunun üçün AVCİYA Seçki Qərargahı yaradılıb.
Uzunmüddətli müşahidə ilə əlaqədar hesabat aprelin 6-da ictimaiyyətə təqdim ediləcək. Seçki günü müşahidə və seçkinin nəticələrinə dair ilkin münasibət aprelin 12-də səhər saatlarında elan olunacaq. Yekun hesabat isə aprelin 26-da ictimaiyyətə təqdim ediləcək.
AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı qeyd edib ki, qərbyönümlü seçki təşkilatları Azərbaycanda seçki kampaniyasının 90 gündən 60 gündən endirilməsi və seçki təşviqatı ilə bağlı müddətin 23 günə endirilməsini tənqid edirlər: “Ancaq sonradan araşdırmalar zamanı məlum oldu ki, Azərbaycanla müqayisədə bir sıra Avropa ölkələrində seçki kampaniyasının müddəti daha azdır. Hətta İspaniyada seçki təşviqatı üçün cəmi 10 gün ayrılır. Biz hesab edirik ki, gələcəkdə seçki komissiyaları da ümumiyyətlə, siyasi partiyaların inhisarından çıxarılmalı, müstəqil ekspertlərdən, QHT nümayəndələrindən, jurnalistlərdən təşkil edilməlidir”.
M. Zülfüqarlı prezident seçkilərinin önə çəkilməsinə də toxunub: “Azərbaycan demokratik ölkədir, son referendumda qəbul edilən Konstitusiyada prezidentin səlahiyyət müddəti 7 il olacaq. 2025-ci ildə prezident və parlament seçkiləri üst-üstə düşəcəkdi. Ona görə də ölkə rəhbəri prezident seçkilərinin yazda keçirilməsi barədə sərəncam verib. Digər tərəfdən, qarşıdakı dövrdə Qarabağ münaqişəsinin həlli ilə bağlı addımlar atıla bilər. Bu da prezident seçkilərinin vaxtının dəyişdirilməsinə təsir göstərən amillər sırasında ola bilər”.