Bugünkü müsahibimiz Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) vitse-prezidenti Dəyanət Musayevdir.
Dəyanət bəy düzdür çalışdıq giriş hissədə sizin haqqınızda az da olsa, məlumat verək. Lakin, deyirlər insanı özündən yaxşı heç kim təqdim edə bilməz.
Zəhmət olmasa, özünüzü təqdim edin.
– Dəyanət Musa oğlu Musayev, pedaqogika üzrə fəlsəfə doktoruyam, tarixin tədrisi ixtisası üzrə. 2005-2010-cu illərdə Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyində icraçı direktor vəzifəsində çalışmışam.
2008-ci ildən bu günə kimi ADPU-da və BDU-da müəllim, sonra baş müəllim vəzifəsində işləyirəm. 2008-2017-ci illərdə ADPU-nun tarix fakültəsinin həmkarlar ittifaqının sədri, 2012-2014-ci illərdə ADPU-nun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının üzvü, 2014-2017-ci illərdə ADPU-nun tarix fakültəsinin Elmi Şurasının elmi katibi olmuşam. 2014-cü ildən Azərbaycanda İnsan Haqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun həmsədriyəm. 2015-2018-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Tarix və Siyasi elmlər üzrə Ekspert Şurası”nın elmi katibi olmuşam. 2010-cu ildən bu günə kimi Şamaxının millət vəkili Elxan Süleymanovun səlahiyyətli nümayəndəsiyəm. 2018-ci ildən ADPU-nun elmlər doktoru hazırlığı üzrə dissertantı və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) vitse-prezidentiyəm.
Qeyd etdiniz ki, pedaqoji fəaliyyətlə məşğulsunuz. Sualım belə olacaq ki, hal-hazırda tədris olunan tarixi məlumatların dolğunluğu, həqiqətə uyğun olub olmaması ilə razısınızmı? Yoxsa, elə düşünürsünüz ki, tədris olunan dərsliklərdəki tarixi məlumatlar kifayət qədər əhatələnməyib?
– Bilirsiniz ki, ildən ilə insan üzrərinə düşən informasiya yükü durmadan artır. Nəzərə alsaq ki, son 10-15 ildə bu proses müasir KİV-lərin (xüsusilə də internetin) hesabına əvvəlki illərə nisbətən 20-25 dəfə artıb bu halda bütün məlumatların düzgünlüyü o qədər də inandırıcı gəlmir. Lakin tədris olunan dərsliklərdəki tarixi məlumatlar bu baxımdan ciddi süzgəcdən keçirilir və bu iş peşəkar müəllim və tədqiqatçılara həvalə olunur. Biz müstəqil Respublikada yaşayırıq və heç bir formada tariximizi olduğu kimi təqdim etməməyə haqqımız yoxdur. O Sovetlər dönəmində idi məlum qadağalar…
Tarix fakültəsində təhsil alan tələbələrin dünya görüşü, məlumatlılıgı sizi qane edirmi?
-Bilirsiz, oxuyan tələbə də, oxumayan da hər zaman olub və olacaq. Bir dəfə müdafiyə şurasında iddiaçıya çoxlu sual verildi və insafən elədə zəif cavab vermirdi. Lakin alimlərimizdən bir-iki nəfəri heç razı qalmırdı cavablardan və elə onu deyirdilər ki, bizim vaxtımızda belə deyildi, biz belə idik… Mərhum gökəmli tarixçilərimizdən biri yaxşı fikir dedi: «Tarix boyu böyük nəsil özündən sonrakılardan narazı olub, lakin cəmiyyət durmadan inkişaf etməkdədir, bu isə həmin bəyənmədiyimiz gənclərin əməyidir…»
Sizin fikrinizcə tələbələriniz arasında gələcəyin peşəkar tarixçisi varmı?
Əlbəttdə var! Lakin bu gün gənclərin demək olar ki, hamısında təmbəllik var. Diqqətimi cəlb edən bacarıqlı tələbələrimi çalışıram əlavə olaraq dəstəkləyim, ruhlandırım, irəli çəkim. Layihələrimiz olanda həmdə ictimai işlərə belə onları cəlb edirəm. Perspektivli, oxuyan tələbələrimiz var. Düzdür, onların ciddi tədqiqatçı, alim olması üçün vaxt lazımdır. Bu elə də tez başa gələn iş edyil, mərhum tarixçilərimiz Ziya Bünyatov, İlyas Babayev, İqrar Əliyev, Süleyman Məmmədov və b. yetişməsi üçün hələ çox illər keçməlidir…
Bu gün ölkəmizdə tarixi abidələrə qarşı sanki qəribə bir özgə münasibət nəzərə çarpır. Bəs siz ölkəmizdə tarixə və tarixi abidələrə qarşı göstərilən dəyər və münasibətdən razısınızmı?
– 1954-cü ildə Bakının Qаlа divаrınında aparılan bərpа işləri zаmаnı tаpılmış dаş kitabəyə (ərəb dilində) əsasən Bаkının qаlа divаrı Şirvаnşаh III Manuçöhrün göstərişilə təqribən XIII əsrdə inşа оlunmuşdur. Bu abidə UNESCO-nun Ümumdünya mədəni İrsinə daxil edilmişdir. Bu yaxınlarda əsasən sosial şəbəkələrdə yayılmış fotoşəkillərdən abidənin dağıdılmasının şahidi olduq. Qeyd etmək lazımdır ki, bu işə birinci vitse-prezident Mehriban xanım Əliyeva dərhal reaksiya verdi. Nəticədə məlum oldu ki, həmin fotoşəkil ötən ilin noyabrında çəkilib və orada görünən kərpic və digər materiallar qətiyyən Qala divarları ilə əlaqəli deyil. Hazırda sözügedən ərazidə yalnız yüngül metaldan ibarət dayaqlar mövcuddur. Hər hansı yenidənqurma işlərinin Qala divarına bitişik olması haqqında məlumatlar doğru deyilmiş. Yaradılan dayaqlar abidədən 1,5 metr aralı quraşdırılıb.
Bu yaxınlarda Fransada 12-ci əsrə aid Paris Notr-Dam və ya Paris Məryəm ana kilsəsində restavrasiya zamanı yanğın baş verdi. Bu yanğın zamanı demək olar ki, tarixi abidə, yəni kilsə kül oldu.
Sizin fikrinizcə tarixi abidələrin bərpası, onların restavrasiya olunması onların tarixiliyinə hər hansısa bir zərər vururmu?
– Notr-Dam tək Fransanın deyil, dünyanın incəsənət nümunəsidir. Onun bu formada məhv olması təbii ki, böyük itgidir… Bu sadəcə XII-XIII əsrə aid kilsə, ibadət yeri deyil, Notr-Dam həmdə qədim tarixi abidə, çoxsaylı turistlərin sevimli məkanı idi. Bilirsiniz ki, buranı ildə 20 mln. insan ziyarət edirdi…
Qaldı ki, tarixi abidələrin bərpası, onların restavrasiya olunması fikrimizcə mütləqdir. Belə demək olarsa, Notr-Damdakı yanğın ehtiyyatsızlıq səbəbindən baş vermişdir. Lakin, məsələn Şamaxı Cümə Məsçidi 743-cü ildə inşa olunub. 2013-cü ildə cənab Prezidentin göstərişi ilə tarixiliyi qorunaraq məsçid yenidən restavrasiya olundu və bununla da abidənin ömrü daha da uzadıldı…
Son olaraq belə bir sualım olacaq ki, vitse-prezidenti olduğunuz AVCİYA ictimai birliyi tarix və tarixi abidələrlə bağlı hər hansısa, bir layihə həyata keçiribmi? Əgər belə bir layihələr mövcuddursa, hansılardır. Xahiş edirəm qısa məlumat verəsiniz.
– AVCİYA-yarandığı gündən Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin işıqlandırılmasına, tarixi faktların dünya ictimaiyyətinə çatdırılmasına xidmət edib və edəcək də. Bizim bu sahədə əməli işlərimiz olub, bunlardan «Milyon imza-bir tələb», «Xocalı yaddaşı», «Şuşa qədim Azərbaycan diyarı», «Qaradağlı faciyəsi», «1918-ci il Şamaxı Soyqırımı», «Sərsəng harayı», «Ermənilər Cənubi Qafqazda», «Göyçay döyüşləri», «Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü», «Xocalı XX əsrin soyqırımı», və s. kitablarımızın adlarını çəkmək olar. Qeyd etməliyəm ki, hal-hazırda biz «Ermənistanın işğalçı siyasətinin ifşası: tarixi fakt və arayışların beynəlxalq ictimaiyyətə çatdırılması» yönündə yeni layihəyə başlayırıq. Layihənin sonunda Azərbaycan və ingilis dillərində kitab, buklet və broşürlərin çap olunması və beynəlxalq aləmə çatdırılmasını planlaşdırırıq.
Vaxtınızı ayırıb müsahibədə iştirak etdiyiniz üçün minnətdaram.
– Siz sağ olun, təşəkkür edirəm.
Laləzər Abbasova, AVCİYA