“Cənubi qaz dəhlizi” qitənin dərinliklərinə qədər uzanacaq…
“Cənubi qaz dəhlizi” qitənin dərinliklərinə qədər uzanacaq.
Azərbaycan, Türkmənistan və İrandan xammal almaq üçün boru-kəmərin tikintisinə Avropa təxminən 6 milyard sərmayə yatırmağa hazırdır.
Avropa İttifaqı Azərbaycandan çatdırılan qazın “Cənubi qaz dəhlizi” marşrutunu İtaliyanın cənubuna qədər uzatmaq istəyir.
Oxu.Az Vedomosti.ru-ya istinadən xəbər verir ki, bu barədə Avrokomissiyanın (AK) nümayəndəsi bildirib.
“2014-2020-ci illər üçün qaz kəmərlərinin, o cümlədən də Xəzər qazını almaq arzusunda olan İspaniya və Fransa arasında da qaz kəmərlərinin tikintisi üzrə proqram təsdiqlənib.
Bunun üçün həcmi 5,8 milyard avro olan xüsusi fond yaradılıb. Bu, Avropaya Azərbaycandan çatdırılan qazın həcminin artırılmasına və Türkmənistan və İrandan (sanksiyalar qaldırılarsa) idxala başlanmasına imkan verəcək”, deyə AK nümayəndəsi bildirib.
İspaniyanın “Cənubi qaz dəhlizi” layihəsində maraqlı olmasını keçən həftə Bakıda olarkən İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya-Marqalyo bəyan edib.
Fransız GDF Suez hələ keçən ilin sonunda 2019-cu ildən başlayaraq ildə 2,6 milyard kubmetr olmaqla Azərbaycan qazının alışı üçün müqavilə imzalayıb.
Azərbaycan qazını Polşa da almaq istəyir, bunu ölkənin iqtisadiyyat naziri Yanuş Pexoçinki aprel ayında bəyan edib.
“Cənubi qaz dəhlizi” layihəsi 2019-cu ildə Azərbaycanın “Şahdəniz” yatağından Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçərək İtaliyanın cənubuna qədər TANAP-TAP qaz kəmərlərinin sistemini çəkməyi nəzərdə tutur.
Bu sistemlə 6 milyard kubmetr Türkiyəyə, 10 milyard kubmetr isə Avropaya qazın çatdırılması nəzərdə tutulur.
Azərbaycan qazı Avropada Rusiya qazı üçün ciddi alternativə çevrilə bilər.