Avropa Məhkəməsində azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı iddiası üzrə keçirilən prosesdə hər iki tərəfin vəkilləri çıxış edib

Ermənistanın işğalçı olması, separatçı “Dağlıq Qarabağ” rejimi ilə işbirliyi barədə də sübutlar gətirilib

 Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatasının iclasında azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı iddiası üzrə keçirilən məhkəmə prosesində hər iki tərəfin vəkilləri çıxış edib…

 

Ermənistanın işğalçı olması, separatçı “Dağlıq Qarabağ” rejimi ilə işbirliyi barədə də sübutlar gətirilib

 

Strasburq. Fuad Qulubəyli – APA. Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatasının iclasında azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı iddiası üzrə keçirilən məhkəmə prosesində hər iki tərəfin vəkilləri çıxış edib.

 

APA-nın Avropa müxbiri məhkəmədən xəbər verir ki, Ermənistanın vəkilləri iddiada cavabdeh tərəf kimi Ermənistan dövlətinin göstərilməsi ilə razılaşmadıqlarını deyiblər.

 

Onlar bildiriblər ki, “Dağlıq Qarabağ Respublikası” tanınmamış olsa belə, özünün məhkəmə sistemi, dövlət qurumları var və iddia da “Dağlıq Qarabağ”a qarşı qaldırılmalıdır.

 

Vəkillər sübut etməyə çalışıblar ki, Ermənistanın “Dağlıq Qarabağ”la yeganə bağlılığı orada yaşayanlara bu ölkənin pasportunun verilməsindən ibarətdir. Bu isə onlara xaricə çıxış üçün şərait yaratmaq məqsədilə edilir.

 

Azərbaycanlı məcburi köçkünlərin iddialarını müdafiə edən vəkillər Malkom Şou, Urdaneta Vitek, Qabriel Lanski və Hannes Tretter isə bildiriblər ki, işğal altında olan Dağlıq Qarabağa və ətraf rayonlara faktiki olaraq Ermənistan nəzarət edir. Ermənistanın işğalçı olması, separatçı “Dağlıq Qarabağ” rejimi ilə işbirliyi barədə də sübutlar gətirilib.

 

Hər iki tərəfin vəkilləri hakimlərin suallarını cavablandırıblar.

 

Prosesdə fasilə elan olunub.

 

 

 

***

 

saat 12.52

 

Strasburq. Fuad Qulubəyli – APA. Bu gün Avropa İnsan Haqları Məhkəməsində (AİHM) azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı iddiasına baxılmasına başlanıb.

 

APA-nın Avropa müxbiri məhkəmədən xəbər verir ki, Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərdən “Çıraqov və başqaları Ermənistana qarşı” işinə AİHM-in Böyük Palatasında lüksemburqlu hakim Din Şpilmanın sədrliyi ilə baxılır.

 

İclasda 21 hakim, o cümlədən AİHM-in Azərbaycandan olan hakimi Xanlar Hacıyev və Ermənistandan olan hakimi Alvina Gülümyan da iştirak edirlər.

 

Azərbaycan tərəfini rəsmi olaraq Azərbaycanın AİHM-dəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov təmsil edir.

 

Azərbaycanlı məcburi köçkünlərin iddialarını Azərbaycan Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin baş müşaviri Otari Qvaladze, vəkillər Malkom Şou, Urdaneta Vitek, Qabriel Lanski və Hannes Tretter müdafiə edirlər. Ermənistan tərəfdən də prosesə rəsmi təmsilçi və vəkillər qatılıblar.

 

İddiaçılardan isə iclasda Laçın rayonundan olan Akif Həsənov və Fəxrəddin Paşayev iştirak edirlər.

 

Qeyd edək ki, iddiaçılar Elxan və Adışirin Çıraqovlar (1950 və 1947-ci il təvəllüdlü), Ramiz Cəbrayılov (1960), Akif Həsənov (1959), Fəxrəddin Paşayev (1956) və Qara Cəbrayılovdur (1940). Akif Həsənovdan başqa iddiaçıların hamısı hazırda Bakıda yaşayırlar. Laçın rayon sakinləri olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib. Adı çəkilən şəxslər iddia ərizələrində bildiriblər ki, Laçına qayıda bilmədiklərinə görə, öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən onların məruz qaldığı zərərin müqabilində təzminat ödəməyib. İddia ərizəsi 1-ci İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır. İddiaçılar həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını bildirib və qeyd ediblər ki, əgər erməni və xristian olsaydılar, onları evlərini tərk etməyə məcbur etməzdilər. Bu şikayət ərizəsi Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olub.

/Apa/