Avropa Qarabağa dair yeni təkliflərini açıqlayıb

Prezidentlərin Paris görüşündən əvvəl Fransa mediası Ollandın planını açıqladı…

Prezidentlərin Paris görüşündən əvvəl Fransa mediası Ollandın planını açıqladı
Almaniya XİN rəhbərinin bölgəyə səfəri ilə prezidentlərin görüşü arasında nə əlaqə var?

 

Oktyabrın 27-də Parisdə Fransa Prezidenti Fransua Ollandla Azərbaycan prezidenti İlham Əliyevin görüşü olub. Olland Azərbaycanın dövlət başçısını Yelisey Sarayında qarşılayıb. 
Görüşdə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Enerji, aerokosmik sənaye, hərbi-texniki, təhsil, metro inşaatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib. “Cənub ” dəhlizi enerji layihəsinin reallaşması ətrafında fikir mübadiləsi aparılıb. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların vəziyyəti, münaqişənin beynəlxalq hüquq normalarına əsasən, bununla bağlı indiyədək qəbul edilmiş sənədlərə uyğun ədalətli həlli ətrafında fikir mübadiləsi aparılıb. Münaqişə ilə bağlı “status-kvo “nun dəyişilməsinin, işğal olunmuş ərazilərin azad edilməsinin zəruriliyi vurğulanıb. Azərbaycan Prezidenti ilə görüşdən sonra Holland Ermənistan Prezidenti Serj Sərkisyanı qəbul edib. Onlar ikitərəfli münasibətlər və Qarabağ nizamlanması ilə bağlı məsələləri müzakirə edib.
Görüşdən əvvəl “France Presse ” agentliyi xəbər yayıb ki, Paris proqramının son bəndində üç prezidentin nahar masası arxasında Qafqaz bölgəsinin problemlərini müzakirə etməsi dayanır.
Olland münaqişəyə son qoymaq üçün Avropanın yeni təklifi barədə danışacaq. Məlumatda deyilir ki, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer keçən həftə Ermənistana və Azərbaycana Ukraynadakı müharibənin fonunda son aylarda zorakılığın kəskin eskalasiyasından sonra səfər edib və görünür ki, Avropa bununla münaqişənin həllində maraqlı olduğunu göstərmiş oldu.
Agentlik bildirir ki, hər an alovlanmağa hazır olan 20 illik münaqişənin yenidən qan tökülməsinə səbəb olmaması və tərəflər arasında gərginliyin azaldılması üçün prezidentlərin görüşü bu mənada xüsusi əhəmiyyət daşıyır. “Ukraynadakı münaqişə, Krımın Rusiya tərəfindən işğalı Qarabağ ətrafında vəziyyəti daha da kəskinləşdirir ” – deyə Ollanda yaxın olan mənbə agentliyə verdiyi məlumatda bildirib. Mənbə həmçinin bildirib ki, Parisdə keçiriləcək üçtərəfli görüşdə münaqişənin həlli üçün irəliləyiş əldə etmək Olland üçün çətin olacaq.
Daha sonra İlham Əliyev və Serj Sərkisyanın, eləcə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə görüş başlayıb. Bu barədə Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan “Twitter ” səhifəsində yazıb. Bu görüşdən sonra prezidentlərin ikitərəfli görüşü keçirilib. Görüş bitəndən sonra Minsk Qrupunun həmsədrləri danışıqların keçirildiyi zala çağırılıblar. Daha sonra Fransa Prezidenti Fransua Ollandın iştirakı ilə danışıqlar davam etdirilib.
Deputat, politoloq Rasim Musabəyov prezidentlərin görüşündən “xüsusi gözləntilərinin ” olmadığını deyib. “Məlumdur ki, müzakirə və qəbul etmək üçün nə sənəd var, nə də sistemləşmiş təklif. Belə olan halda ya əvvəlki kimi heç bir nəticə olmayacaq və tərəflər vaxtı mənasız mübahisələrə sərf edəcəklər “, ekspert BBC Azərbaycancaya bildirib. “Ya da ən yaxşı halda hansısa bir danışıqlar raundunun verilməsinə razılaşsalar, bu özü-özlüyündə pis olmazdı “.
Onun sözlərinə görə, ancaq tərəflər xarici işlər nazirlərinə müəyyən təkliflər ətrafında iş aparmağı tapşırdığı halda bunu görüşün nəticəsi adlandırmaq olar.
“Çünki fərqli istəklər var: Ermənilər mövcud status kvonun möhkəmləndirilməsinə, Azərbaycan ortaya sülh müqaviləsi gəlməyini istəyir. Fərqli yanaşma imkan vermir ki, konseptual razılıq əldə olunsun “.
“Atlas ” Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert Elxan Şahinoğlu isə deyir ki, prezidentlərin görüşünün keçirilməsi ilə bağlı Qərbin təşəbbüsü ələ alması “müsbət addımdır “. “Amma görüşün nəticəsi barədə pessimistəm, çünki tərəflər arasında konseptual fərq aradan qaldırılmayıb. Yəni Azərbaycan ilkin olaraq Dağlıq Qarabağın geri qaytarılması, qaçqınların qayıtması və yalnız bundan sonra status kvonun müzakirəsini istəyirsə, Ermənistan bütün məsələlərin paket şəklində həllini istəyir “. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin ölkəyə son səfəri danışıqlarda “hansısa irəliləyiş olmadığını ” göstərdi. “Hər hansı razılaşma gözləmirəm. Parisdə tərəflər hansısa detal ətrafında, tutaq ki, hər iki tərəfin güc nümayişini dayandıracaqları haqda bəyanat versələr belə, buna riayət olunmayacaq. Mən buna inanmıram “, o əlavə edib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yerli mediaya açıqlamasında deyib ki, Azərbaycan tərəfi görüşə “ümidlə ” baxır və onun donmuş mövqelərin yumşalmasına gətirəcəyinə, prosesin davamlı həllinin tapılmasına gətirəcəyinə ümid edir.
Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında üçtərəfli formatda görüş bu il avqustun 10-da Rusiyanın Soçi şəhərində keçirilib. Hər üç dövlətin liderləri Qarabağ münaqişəsinin dinc yolla həllinin mümkün olduğunu bəyan ediblər.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik prezidentlərin Paris görüşünün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində tərəflərin mövqeyini yaxınlaşdıracağına ümidini ifadə edib. APA-nın məlumatına görə, bu barədə o “Tvitter ” mikrobloqunda bildirib. C.Uorlik danışıqlarda iştirak etmək üçün artıq Parisdə olduğunu da vurğulayıb. “Artıq Parisdəyəm. Prezident Olland Prezident Sərkisyan və Prezident Əliyevlə görüşlər keçirəcək. Ümid edirəm ki, onlar bizi sülhə yaxınlaşdıracaqlar “, – deyə diplomat yazıb. Qeyd edək ki, prezidentlərin görüşü bu günə nəzərdə tutulur. 
/Bizimyol/