Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan-Ermənistan cəbhə xəttindəki vəziyyəti diqqətdə saxlayır

Azərbaycanın millət vəkili Qənirə Paşayeva Avropa Şurası Nazirlər Komitəsinin sədrini Ermənistanın məcburi köçkün saldığı və snayperlərlə hədəfə aldığı azərbaycanlıların taleyinə biganə yanaşmamağa çağırıb…

Azərbaycanın millət vəkili Qənirə Paşayeva Avropa Şurası Nazirlər Komitəsinin sədrini Ermənistanın məcburi köçkün saldığı və snayperlərlə hədəfə aldığı azərbaycanlıların taleyinə biganə yanaşmamağa çağırıb.

Trend-in məlumatına görə, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Assambleya üzvləri qarşısında çıxış edən Avropa Şurası Nazirlər Komitəsinin sədri Sebastian Kurts çıxışından sonra millət vəkillərinin suallarını cavablandırıb.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Q.Paşayeva bir neçə gün Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq kənd sakini, 38 yaşlı Ruhiyyə Hüseynovanı atəşə tutması və onun ciddi yaralanması barədə məlumat verdikdən sonra bildirib ki, Ermənistan silahlı qüvvələri mülki əhaliyə, dinc insanlara qarşı tez-tez belə addımlar atır: “Bir neçə gün əvvəl də yenə bir ailənin evi və əkin sahəsində işləyən gənc bir oğlan Ermənistan silahlı qüvvələri tərəfindən snayperlərlə hədəfə alınmışdı. Nazirlər Komitəsinin yeni sədri kimi sizin bu məsələ ilə bağlı reaksiyanız önəmlidir. Sizin bu məsələyə reaksiyanız necədir? “

Millət vəkili Q.Paşayevanın sualına cavab verən Avropa Şurası Nazirlər Komitəsinin sədri S.Kurts deyib ki, təşkilat bu məsələni ciddi şəkildə nəzərdən keçirir və vəziyyəti diqqətdə saxlayır: “Düşünürəm ki, dialoq əsas məqsəd olmalıdır. Təbii ki, biz zorakılığın qarşısını almalıyıq və ümid edirəm ki, Avropa Şurası öz töhfələrini verə bilər. Komitənin sədri kimi, düşünürəm ki, bu barədə ikitərəfli müzakirələr apara bilərik. Təəssüf ki, mən bu suala ümumi cavab verməliyəm, amma bir neçə həftədən sonra sizə yazılı variantda cavab verəcəyəm “.

/Trend/