Avropada ən çox qaçqın və məcburi köçkün Azərbaycandadır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası iyunun 22-dən 26-dək Strasburqda keçiriləcəkdir.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Gültəkin Hacıyeva bildirmişdir ki, iclasda təşkilati məsələyə baxılacaq, qurumun yeni Baş katibi seçiləcəkdir.

Toplantıda Avropa Şurasına üzv ölkələrdə insan hüquqlarının vəziyyətinə dair məruzə təqdim olunacaq və əsas diqqət siyasi hüquqların müdafiəsinə yönəldiləcəkdir.

Ermənistanın qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələsi xüsusi müzakirə mövzusu olacaqdır.

İclasda britaniyalı deputat Con Qrinveyin “Avropanın unudulmuş insanları: yaşayış yerini uzunmüddətli dəyişmiş şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda məruzəsi dinləniləcəkdir.

G. Hacıyeva demişdir ki, nümayəndə heyətimiz bu məsələ ilə bağlı müzakirələrdə fəal iştirak edəcək, 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün pozulmuş hüquqları problemini qaldıracaq, onların doğma torpalarına qayıtmaları üçün Avropanın siyasi iradə göstərməsinin vacibliyini önə çəkəcəkdir.

İclasda dünya maliyyə böhranı və onun beynəlxalq iqtisadi qurumlara təsiri məsələsi də müzakirə olunacaqdır.

(AZƏRTAC).